...

Azərbaycanda bakalavr və magistrlar üçün yeni dövlət tələbləri hazırlanır

Cəmiyyət Materials 26 Aprel 2012 14:58 (UTC +04:00)
Azərbaycanda ali təhsil müəssisələrində bakalavr və magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri (dövlət təhsil standartı) yenilənir.
Azərbaycanda bakalavr və magistrlar üçün yeni dövlət tələbləri hazırlanır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali təhsil müəssisələrində bakalavr və magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri (dövlət təhsil standartı) yenilənir.

Təhsil Nazirliyindəki mənbədən cümə axşamı Trend-ə bildiriblər ki, hazırda bakalavr və magistr səviyyələri üzrə yeni standartlar hazırlanır.

Yeni standartlarda tələbənin ixtisası üzrə bakalavr və magistr səviyyələrini bitirdikdə kompetensiyalara, yəni səriştələrə malik olması dövlət tələbi kimi qoyulacaq. İndiyədək isə tələbələr üçün kompetensiyalar müəyyənləşdirilməmişdi.

Bu kompetensiyalar sayəsində tələbənin öz ixtisası üzrə bakalavr və ya magistraturanı bitirdikdə hansı bacarıqlara, qabiliyyətlərə sahib olacağı bilinəcək.

Yeni tələblərdə qeyd olunur ki, baklavr və magistraturanı bitirən tələbə digər insanlarla ünsiyyətə girməyi, kollektivdə işləməyi bacarmalı, dünyagörüşü olmalı, hansısa xarici dili bilməlidir.

Yeni standartlarla əlaqədar hər ixtisas üzrə ayrıca təhsil proqramı hazırlanacaq. Burada hər ixtisas üzrə tələbənin bacarmalı olduğu kompetensiyalar öz əksini tapacaq. Tələbələr üçün kompetensiyaların müəyyənləşdirilməsi beynəlxalq təcrübədə də var.

Bu kompetensiyaların müəyyənləşdirilməsinin tələbələr üçün çox böyük faydası olacaq.

Yeni standartların növbəti tədris ilindən tətbiqi gözlənilir.

Xəbər lenti

Xəbər lenti