Azərbaycan, Bakı, 11 may / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə tələbələrin XVII Respublika fənn olimpiadasının açılış mərasimi keçirilib.
Trend-in cümə günü verdiyi məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiada iştirakçıları 12 fənn - riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili üzrə yarışacaqlar.
Nazir deyib ki, olimpiada ənənəvi olaraq, 2 dildə təşkil edilir.
Onun sözlərinə görə, olimpiadanın I turu cari ilin mart ayında keçirilib. Bu turda 2000-ə yaxın tələbə iştirak edib. Onlardan 750-si II - respublika turuna vəsiqə qazanıb. Respublika turunda yarışmaq hüququnu Bakı şəhəri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşən 31 dövlət və 8 qeyri-dövlət ali təhsil müəssisələrinin tələbələri qazanıb.