...

Azərbaycanda xarici pasportların verilməsi qaydalarına dəyişikliklər edilir

Cəmiyyət Materials 1 İyun 2012 10:17 (UTC +04:00)
Azərbaycanda ümumvətəndaş pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcək.
Azərbaycanda xarici pasportların verilməsi qaydalarına dəyişikliklər edilir

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda ümumvətəndaş (xarici) pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.

Layihədə qeyd olunur ki, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində verilməlidir. Qeyd edək ki, hazırda qüvvədə olan qanunda bu müddət bir ay nəzərdə tutulub.

Digər bir dəyişiklikdə isə göstərilir ki, ümumvətəndaş pasportu alınarkən vətəndaş müvafiq quruma fotoşəkil təqdim etməyəcək.

Həmçinin vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırlmasını nəzərdə tutan müddəanın da qanundan çıxarılması nəzərdə tutulub.

Ümumvətəndaş pasportlarının 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilməsi təklif olunub.

Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illlik müddətə verilməsi nəzərdə tutulur.

Yeni sənəddə qeyd olunur ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Pasportda göstərilən məlumatlar sırasında pasportun seriyası, vətəndaşla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix sözləri çıxarılır, məlumatlar sırasına "fərdi identifikasiya nömrəsi" və "etibarlılıq müddəti" sözləri əlavə olunur.

Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya pasport sahibinin imzası istisna olmaqla, müvafiq məlumatlar, pasport sahibinin üz təsviri, iki əl-barmaq izi daxil edilir.

Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir.

Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.

Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

Qanun layihəsi qəbul olunarsa, 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti