...

Azərbaycanda küçə reklamları ilə bağlı komissiyanın yaradılması təklif olunur

Cəmiyyət Materials 23 İyul 2012 15:09 (UTC +04:00)
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Jalə Əliyeva bazar ertəsi Trend-ə bildirib ki, küçə reklamlarının dilində xeyli nöqsanlar var ki, onların aradan qaldırılması üçün iş aparılmalıdır.
Azərbaycanda küçə reklamları ilə bağlı komissiyanın yaradılması təklif olunur

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda küçə reklamları ilə bağlı komissiyanın yaradılması təklif olunur.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Jalə Əliyeva bazar ertəsi Trend-ə bildirib ki, küçə reklamlarının dilində xeyli nöqsanlar var ki, onların aradan qaldırılması üçün iş aparılmalıdır.

"Biz bəzi dəyərlərimizə mühafizəkar olmalıyıq, senzuranın tətbiq olunmasından çəkinməməliyik və nöqsanlara yol verənlər cəzalandırılmalıdır", - Əliyeva deyib.

Deputat deyib ki, bu təklif Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" bu il imzaladığı sə­rən­camın icrasını həyata keçirmək məqsədilə yaradılan AMEA-nın işçi qru­pu qarşısında da qaldırılıb.

Ötən ilin sonunda bir araşdırma mərkəzinin apardığı müşahidələrin nəticəsinə görə, Bakıda reklam xarakterli lövhələrin ümumilikdə 63 faizində ingilis, 14 faizində rus, 12 faizində türk, 6 faizində isə Azərbaycan dilində olan sözlərdən istifadə olunub.

"Son zamanlar dilin təhrif olunması, qrammatik qaydalara əməl olunmaması, yad dillərdəki ifadələrinin dilimizə daxil olması həyəcanla qarşılanır", - Əliyeva deyib.

O, həmçinin digər dillərdən götürülən yeni terminlərin Türkiyə türkcəsində səsləndirildiyi kimi qəbul olunmasını təklif edib.

Əliyevanın sözlərinə görə, mənəvi, sosial məsələlərdə ictimaiyyətin də sifarişi olmalıdır. "Bunun üçün, ilk növbədə, maarifçilik tədbirləri həyata keçirilməlidir. Bu sahədə müvafiq qurumlarla yanaşı, qeyri-hökumət təşkilatlarının, mətbuatın, televiziyanın üzərinə böyük iş düşür", - deputat deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti