...

Leyla Əliyeva: Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanır (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2012 16:04 (UTC +04:00)
Həştərxanda çərşənbə günü Azərbaycan və Rusiya Dostluq körpüsünün təntənəli açılış mərasimi olub.
Leyla Əliyeva: Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanır (FOTO)

Rusiya, Həştərxan, 12 sentyabr /Trend, müxbir M.Əliyev/

Həştərxanda çərşənbə günü Azərbaycan və Rusiya Dostluq körpüsünün təntənəli açılış mərasimi olub.

Mərasim iştirakçıları öncə Həştərxanın mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Trend-in xüsusi müxbirinin məlumatına görə, körpünün açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva iştirak edib.

Mərasimdə, həmçinin Azərbaycan dövləti və Həştərxan vilayət administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Həştərxanın azərbaycanlı icması, şəhər sakinləri iştirak ediblər.

Leyla Əliyeva körpünün açılış mərasimində nitq söyləyib. O, Həştərxan torpağında səmimi qəbula görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

"Mən bu gün burada ilk dəfə olduğuma və Heydər Əliyev Fondunun Rusiya Federasiyasında həyata keçirdiyi layihələrlə tanış olmaq imkanı əldə etdiyimə görə çox şadam. Mən Həştərxan rəhbərliyinə Sizin tərəfinizdən deyilən səmimi sözlərə görə və Sizin Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında töhfənizə görə təşəkkür etmək istəyirəm", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında münasibətlər qarşılıqlı hörmətə, etimada və səmimiyyətə əsaslanır.

"Azərbaycanda zəngin rus mədəniyyətinə və möhtəşəm rus dilinə həmişə böyük hörmətlə yanaşılır. Və bu gün ölkəmizin məktəblərində rus dilinin tədrisi tam həcmdə saxlanılır, Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı, Rusiya Mədəniyyət Mərkəzi, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Əminəm ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcək", - Leyla Əliyeva bəyan edib.

O qeyd edib ki, Azərbaycan daim müxtəlif mədəniyyət və sivilizasiyaların mövcud olduğu ölkə olub. "Müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Bu gün Bakı küçələrində müsəlman məscidləri, katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi senaqoqu görmək mümkündür və bütün xalqlar vahid böyük ailə kimi yaşayırlar. Və mən hesab edirəm ki, bu, çox qiymətlidir. Azərbaycan sürətlə inkişaf edir, yeni yollar, binalar, körpülər tikilir, bütün tarixi abidələr, muzeylər bərpa edilir", - Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.

Onun sözlərinə görə, bu gün Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarının 70 faizindən çoxu Azərbaycanın payına düşür. "Və bütün irimiqyaslı layihələr ölkəmizin iştirakı ilə həyata keçirilir. Topraqlarımızın 20 faizinin işğal altında olmasına və ölkədə öz evlərinə qayıtmaq hüququndan məhrum edilmiş bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkəmiz elmin, mədəniyyətin, texnologiyanın, təhsilin, səhiyyənin və idmanın inkişafına böyük diqqət ayırır", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, 2004-cü ildə ümummilli lder Heydər Əliyevin şərəfinə yaradılan Heydər Əliyev Fondu bütün bu iri layihələrdə iştirak edir və həyatın, demək olar, bütün sahələrini əhatə edir.

"Heydər Əliyev Fondu Azərbaycanda mövcud olduğu dövr ərzində əhalinin bütün təbəqəsinin dəstəyini, etimadını qazanıb və təhsilə xüsusi önəm verir", - Leyla Əliyeva bəyan edib.

O qeyd edib ki, Fond tərəfindən Azərbaycanda təqribən 400 məktəb tikilib və yenidən qurulub, bununla yanaşı, kompüter sinfi olan hər bir məktəb ən son texnologiyalarla təchiz edilib.

"Fond, həmçinin Azərbaycanda xeyriyyəçiliklə məşğul olur, xəstə və diabetdən əziyyət çəkən uşaqlara yardım edir. Azərbaycanda Fond tərəfindən regionda ən böyük talassemiya mərkəzlərindən biri tikilib. Heydər Əliyev Fondu uşaq evləri, internatlar inşa edir. Əlbəttə ki, Fond Azərbaycandan kənarda ölkəmizin zəngin mədəniyyəti və qədim tarixinin tanıdılmasına çox böyük diqqət yetirir. Fond ötən il dünyanın bir çox ölkələrində Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş tədbirlər keçirib. Həmçinin, daim mədəniyyət gecələri, konfranslar, konsertlər, sərgilər təşkil edir", - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirib.

Onun sözlərinə görə, Fondun son tədbirlərindən biri "Bakı" jurnalı ilə birlikdə "Bakıya uçuş. Azərbaycanın müasir incəsənəti" adı altında müasir Azərbaycan incəsənəti nümunələrinin sərgisinin keçirilməsi olub. Bu sərgi London və Parisdə uğurla təşkil edilib. O qeyd edib ki, yaxın vaxtlarda sərginin Berlin, Roma, Nyu-York və əlbəttə ki, Moskvada təşkil edilməsi planlaşdırılır.

"Heydər Əliyev Fondu, həmçinin dünya mədəniyyəti və tarixinə böyük hörmətlə yanaşır. Dünyanın müxətlif ölkələrində Fond tərəfindən memarlıq abidələri, tarixi binalar və muzeylər bərpa edilir. Fond zəlzələdən sonra Pakistanda, habelə Rusiya, Gürcüstan, Rumıniya və Misirdə məktəblər inşa edib", - Leyla Əliyeva bildirib.

Onun sözlərinə görə, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsidir. Buna görə də Heydər Əliyev Fondu ötən il IDEA adı altında yeni beynəlxalq hərəkat yaradıb.

"IDEA-nın əsas məqsədi planetimizi mühafizə etmək və gəncləri ekoloji problemlər barədə məlumatlandırmaqdır. IDEA, demək olar, mövcud olduğu bir il ərzində ağacların əkilməsi, quşlar üçün yuvaların qurulması, konfrans, fotosərgi, seminarların keçirilməsi kimi bir çox maraqlı və uğurlu layihələr həyata keçirib. Şəxsən mənim üçün yox olmaq təhlükəsi altında olan heyvanların mühafizəsi çox vacibdir. Buna görə də IDEA Azərbaycanda belə heyvanların böyük "beşliyi"ni müəyyənləşdirib. Bunlar qartal, ayı, canavar, Qafqaz hepardı və ceyrandır. Bildiyim qədərilə Həştərxanda kiçik ququşu da məhv olmaq üzrədir. Bu məqsədlə IDEA cari ilin oktyabrından Həştərxan məktəblərində bu quşun mühafizəsi mövzusunda müsabiqə təşkil etməyi planlaşdırır. Bu müsabiqənin qalibi Azərbaycana səfər etmək və ölkəmizlə tanış olmaq imkanı qazanacaq", - Leyla Əliyeva deyib.

"Əziz dostlar, gördüyünüz kimi, bizim çoxlu maraqlı planlar, layihələr və ideyalarımız var. Bu gün burada toplaşmışıq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən "Rusiya və Azərbaycan Dostluq körpüsü"nün açılışını elan edək. Mən bu imkana görə sizə təşəkkür etmək istəyirəm və əminəm ki, bu hələ başlanğıcdır. Əminəm ki, qarşıda bizim xeyli layihələrimiz olacaq, bizim münasibətlərimiz isə yalnız inkişaf edəcək və möhkəmlənəcək. Mən iştirakınıza, diqqətinizə görə bir daha sizin hamınıza təşəkkür edir və hamınıza möhkəm cansağlığı, xoşbəxtlik arzu edir", - Leyla Əliyeva bildirib.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin öz çıxışında qeyd edib ki, bu gün Azərbaycan və Rusiyanın bəyan edilmiş strateji maraqları həyata keçirilir. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin dəstəyi ilə Həştərxanda tarixən Xəzər dənizi sahillərində yaşayan xalqlar arasında dostluq möhkəmlənir.

"Biz bunu qiymətləndirməliyik və hesab edirəm ki, gələcək nəsillər də qiymətləndirəcəklər, Xəzərin sahillərində - Azərbaycanda, Rusiyada və Həştərxan vilayətində daim sülh və həmrəylik olacaq", - Jilkin bildirib.

O, habelə Azərbaycan Prezidentinə və onun administrasiyasına Həştərxan vilayətinə göstərdikləri diqqətə və Rusiya Federasiyası ilə ardıcıl strateji münasibətlərə görə minnətdarlığını bildirib.

Körpünün tikintisi haqqında qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib. Həmin vaxt Prezidentin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olub. 2011-ci ilin mayında "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda I Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Dostluq körpüsünün təməlqoyma mərasimi keçirilmişdi. Ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin rəmzi olan körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.

Piyadalar üçün Dostluq körpüsü Heydər Əliyev parkı ilə I Pyotrun abidəsinin yerləşdiyi bulvarı birləşdirir.

Körpünün sürahisinin ornamentlərində Bakı və Həştərxanın rəmzləri - Qız qalası və Həştərxan Kremli əks olunub. Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü şəhərlilərin bir sahildən digər sahilə keçidini xeyli asanlaşdıracaq. Sakinlər bunadək kanalın digər tərəfinə keçmək üçün xeyli yol qət etməli olurdular. Körpünün tikintisi həştərxanlılar üçün əsl hədiyyə oldu.

Mərasim iştirakçıları daha sonra "Arzu" uşaq əyləncə şəhərciyinin açılışında iştirak ediblər. Şəhərcik Heydər Əliyev parkında inşa edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə salınan şəhərciyin ümumi sahəsi təqribən 1200 kvadratmetrdir. Burada yeddi böyük və bir neçə kiçik attraksionlar quraşdırılıb, uşaqların təhlükəsizliyi üçün bütün zəruri şərait yaradılıb. Hazırda parkın ərazisində, həmçinin uşaq kafesinin tikintisi aparılır.

Xəbər lenti

Xəbər lenti