...

9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri barəsində şərti cəza xəstəliyi ilə əlaqədar verilib

Cəmiyyət Materials 6 Noyabr 2012 17:34 (UTC +04:00)
Baş Prokurorluq rüsvət almaqda ittiham olunan 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Bayram Xudaverdiyevin məhkəmə zalından azad olunması ilə bağlı məlumat yayıb.
9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri barəsində şərti cəza xəstəliyi ilə əlaqədar verilib

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq rüsvət almaqda ittiham olunan 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Bayram Xudaverdiyevin məhkəmə zalından azad olunması ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham olunan 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Bayram Xudaverdiyevin 2 il şərti olaraq azadlıqdan məhrum olunması və məhkəmə zalından azadlığa buraxılmasına dair hökm çıxarılması barədə məlumatlar yayılıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 9 saylı TSEK-in sədri Bayram Xudaverdiyev xidməti otağında əlillik dərəcəsinin təyin edilməsi üçün Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Məhkəmənin 5 noyabr 2012-ci il tarixli hökmünə əsasən, Xudaverdiyevə 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xudaverdiyev ixtisaslı cərrahi müdaxiləyə ehtiyacı olan və cərrahi müdaxilə həyata keçirilməyəcəyi təqdirdə arzuolunmaz sonluqla, yəni ölümlə nəticələnə biləcək ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, aortanın nəzərə çarpan aterosklerozu, kökün genişlənməsi, tac damarlarının çoxsaylı stenozlaşdırıcı aterosklerozu, mitral qapağın hər iki tayının dərəcə çatışmazlığı ilə prolapsı, vertoblobazilyar çatışmazlıq və sair ağır xəstəliklərlərdən əziyyət çəkdiyindən və cəzanı yüngülləşdirən digər hallar mövcud olduğundan məhkəmə tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 2 il sınaq müddəti müəyyən olunmaqla həmin cəzanın şərti olaraq təyin edilməsi haqqında qərar çıxarılıb.

Həmçinin, məhkəmə tərəfindən müvafiq dövlət orqanına Xudaverdiyev üzərində nəzarətin həyata keçirilməsi vəzifəsi də həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti