Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməyən şəxslər cərimələnəcəklər. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsində nəzərdə tutulub.
Məcəlləyə aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması adlı 130-2-ci maddə əlavə olunur.
Layihədə qeyd olunur ki, aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 500, hüquqi şəxslər 1000 manat miqdarında cərimə ediləcəklər.
Həmçinin aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə vəzifəli şəxslərin 500, hüquqi şəxslərin 1000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 3 min manat miqdarında, aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər 1000 manat miqdarında cərimə olunacaqlar.
Həmçinin hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə vəzifəli şəxslərin 1000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.
Qanun layihəsi parlamentdə müzakirə ediləcək.