...

Ekologiya Nazirliyi: Azərbaycanda sürüşmə sahələrində əsas aktivləşmə fevral ayından başlaya bilər

Cəmiyyət Materials 15 Noyabr 2012 16:21 (UTC +04:00)
Payız aylarında sürüşmə sahələri çox aktiv olmur, belə sahələrdə əsas aktivləşmə adətən fevral, mart və aprel aylarında baş verir.
Ekologiya Nazirliyi: Azərbaycanda sürüşmə sahələrində əsas aktivləşmə fevral ayından başlaya bilər

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda payız aylarında sürüşmə sahələri çox aktiv olmur, belə sahələrdə əsas aktivləşmə adətən fevral, mart və aprel aylarında baş verir. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

Onun sözlərinə görə, yağış suları sürüşmələri o qədər də aktivləşdirmir. Sürüşmələri ən çox aktivləşdirən qar sularıdır. Qar yavaş-yavaş əriyərək torpağa hopduqca sürüşmə aktivləşir.

Qaralov deyib ki, hazırda ölkədəki sürüşmə ərazilərində vəziyyət stabildir. Son bir neçə gün ərzində havaların yağıntılı keçməsi də ərazilərdə sürüşmə sahələrində vəziyyətin pisləşməsinə gətirib çıxarmayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, bir neçə gün əvvəl Bakının Əhmədli qəsəbəsinin Gəncə prospektində, Şamaxı və İsmayıllı rayonlarının bəzi kəndlərində aktivləşmə müşahidə edilsə də, bu proses davam etməyib.

"Sürüşmə sahələrində gərginlik həmişə olur. Bunun aktiv və passiv fazası olur. Həmin ərazilərdə indi passiv faza müşahidə edilir, hələ aktiv fazaya keçilməyib", - Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə sahələrində stabilləşmənin yaranmasının bir çox səbəbləri var. Hərəkətdə olan süxur kütləsi müəyyən dayanaqlığa qədər sürüşdükdən sonra artıq ərazidə müəyyən dərəcədə stabilləşmə yaranır.

"Atmosfer çöküntülərinin normadan çox olması, əlavə yüklənmə onu təkrar aktiv fazaya keçirir. Bu proseslər də olmadığına görə hələ aktiv faza müşahidə edilmir", - ETSN rəsmisi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti