...

Azərbaycanda orta məktəb direktoru vəzifəsinə qəbul qaydaları tam dəyişdiriləcək

Cəmiyyət Materials 20 Noyabr 2012 12:29 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbulunu yeni modellə həyata keçirməyi nəzərdə tutur. Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
Azərbaycanda orta məktəb direktoru vəzifəsinə qəbul qaydaları tam dəyişdiriləcək

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbulunu yeni modellə həyata keçirməyi nəzərdə tutur. Bunu Trend-ə Təhsil Nazirliyinin (TN) Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, hazırda nazirlik direktorluğa namizədlərin bazasının yaradılması istiqamətində işlər görür. Bu baza hazır olduqdan sonra direktor vəzifəsinə qəbul qaydaları tam dəyişdiriləcək.

"Bizim belə bir fikrimiz var ki, direktor işləmək istəyənlər üçün ehtiyat kadr bazası yaradaq. Yəni direktorluğa namizədlər üçün bir imtahanın keçirildiyini elan edək. Sənədləri toplayaq, imtahanı keçirək. Bu müsabiqədən keçənlərin reytinqini müəyyən edək və elan edək ki, bu adamlar müəyyən olunub. Sonra vakant yerlər yarandıqca həmin ehtiyat bazamızdan istifadə edək", - Qədirov deyib.

O əlavə edib ki, imtahan vaxtı bazaya daxil olacaq namizədlərin təhsilin idarə olunması, İKT sahəsində bacarıqlara malik olması yoxlanacaq. Namizədlərin Azərbaycanda aparılan təhsil islahatları ilə bağlı məlumatlı olub-olmaması da nəzərə alınacaq.

"Onlar üçün belə bir şərt də qoyulacaq ki, direktor vəzifəsində olarkən nə etmək, nəyi dəyişmək istəyirlər. Bəlkə onun elə təklifi olacaq ki, onu həyata keçirmək mümkün olmayacaq. Yəni bir növ onların gələcək fəaliyyət istiqamətləri nəzərə alınacaq. Bütün bunları yoxlayaraq namizədi bazamıza daxil edəcəyik", - Qədirov deyib.

Onun sözlərinə görə, gələcəkdə vakant yerlər yarandıqda həmin bazadan istifadə ediləcək. Bazaya daxil olan namizədlər artıq imtahan vermədən məktəbə direktor təyin oluna bilərlər.

Qədirov bildirib ki, bazaya daxil olan namizədlərin harada direktor işləməsi məsələsi də var. Əgər kimsə Bakıdan imtahan verib bazaya daxil olubsa, regiondakı orta məktəblərdə vakant direktor yeri yarandıqda orada işləyə bilər.

Nazirlik rəsmisinin sözlərinə görə, vakant direktor yerləri elan edildikdən sonra bazada olan namizədlərə seçim etmək imkanı da veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti