...

Sabahdan Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə beynəlxalq sərgi keçiriləcək (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2012 13:58 (UTC +04:00)
Sabahdan Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə 3-cü Beynəlxalq "Xəzər: Ətraf mühit üçün texnologiyalar" ("CTE-2012") sərgisi keçiriləcək.
Sabahdan Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə beynəlxalq sərgi keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycanda ətraf mühitin mühafizəsi üzrə 3-cü Beynəlxalq "Xəzər: Ətraf mühit üçün texnologiyalar" ("CTE-2012") sərgisi keçiriləcək.

Trend-in məlumatına görə, bununla əlaqədar çərşənbə axşamı sərginin təşkilatçısı "Iteca Caspian"ın keçirdiyi mətbuat konfransında çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, ekologiya və ətraf mühit bütün dünyada cəmiyyəti narahat edən əsas məsələlərdən biridir. O, son illər ərzində Azərbaycanda ətraf mühitin qorunması sahəsində bir çox layihələrin həyata keçirildiyini də söyləyib.

Sərginin meneceri Rəna Abutalıbova deyib ki, noyabrın 23-dək davam edəcək "CTE" sərgisi ekologiya və ətraf mühitin mühafizəsinə həsr olunmuş, Xəzəryanı və Qafqaz regionlarında ətraf mühitin qorunması və təbiətdən rasional istifadə sahəsində innovasiyalı ixtiraları kompleks şəkildə təqdim edən yeganə tədbirdir.

Bu il beynəlxalq sərgi Azərbaycanın və xarici ölkələrin "təmiz" texnologiyalar bazarını təmsil edən aparıcı simaları, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində öz məhsul və xidmətlərini təklif edən şirkətləri, eləcə də elm xadimlərini və dövlət orqanlarının nümayəndələrini bir araya gətirəcək. Həmçinin, sərgi çərçivəsində alternativ enerji avadanlıqlarının ən müasir nümunələri nümayiş etdiriləcək.

Sərgi iştirakçıları arasında neft sektorunun aparıcı şirkətləri də var və onlar təbii resurslardan səmərəli istifadə sahəsində ən yeni ixtiraları, habelə karbohidrogenlərin hasilatı və emalı zamanı şəhər əhalisinin maksimal ekoloji təhlükəsizliyinin təmin olunması üzrə investisiya layihələrini təqdim edəcəklər.

Beləliklə, "CTE-2012" sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər xüsusunda regional və beynəlxalq ictimai və dövlət təşkilatları arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti