...

Təhsil Nazirliyi: Orta məktəblərə daha səriştəli direktorların qəbul olunmasında problemlər var

Cəmiyyət Materials 23 Noyabr 2012 15:57 (UTC +04:00)
Azərbaycanın orta məktəbləri üçün direktorların seçimində, məktəb direktoru vəzifəsinə daha səriştəli insanların qəbul olunması məsələsində müəyyən problemlər var.
Təhsil Nazirliyi: Orta məktəblərə daha səriştəli direktorların qəbul olunmasında problemlər var

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəbləri üçün direktorların seçimində, məktəb direktoru vəzifəsinə daha səriştəli insanların qəbul olunması məsələsində müəyyən problemlər var. Bunu Trend-ə Azərbaycan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, nazirlik birbaşa hansısa rayonun orta məktəbinə direktor təyin etmir. Bunun üçün paytaxtda Bakı Şəhər Təhsil İdarəsi, digər rayon və şəhərlərdə isə yerli təhsil şöbələri Təhsil Nazirliyinə namizədləri təqdim edirlər. Ancaq bəzən müəyyən obyektiv və subyektiv səbəblərdən təqdim edilmiş namizədlər o qədər də səriştəli, bu vəzifə üçün layiqli olmurlar.

"Heç də həmişə rayon təhsil şöbələri tərəfindən nazirliyə səriştəli namizədlər təqdim edilmir. Ancaq biz ildən-ilə bu problemləri həll etməyə çalışırıq", - Qədirov deyib.

Şöbə müdirinin sözlərinə görə, bu gün rayon təhsil şöbələri bir vakant yerə yalnız bir nəfərin namizədliyini verirlər.

"Yəni konkret yerə konkret adamın namizədliyi verilir. İki nəfərin namizədliyini vermirlər ki, biz də heç olmasa onlardan birini seçək", - nazirlik səlahiyyətlisi əlavə edib.

O bildirib ki, hazırda direktor vəzifəsinə qəbul olmaq istəyən namizədin sənədləri nazirliyə təqdim olunur, ekspertizadan keçirilir. Sonra isə namizəd imtahan verir. İmtahanda onların, əsasən, idarəetmə, İKT, müasir strategiyalar sahəsindəki bacarıqları öyrənilir. Bu prosedurdan sonra təhsil naziri Misir Mərdanov imtahandan uğurla keçən namizədi qəbul edir, müsahibə aparılır və o, direktor vəzifəsinə təyin edilir.

Qədirovun fikrincə, yeni yaratmaq istədikləri direktorluğa namizədlərlə bağlı məlumat bazası bu çatışmazlıqların aradan qaldırılmasına kömək edəcək. Hazırda bazanın yaradılması istiqamətində işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti