Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün "Təzəpir" məscidində qan verib.
Trend-in məlumatına görə, Şeyxülislam jurnalistlərə bildirib ki, şəriət insanların özlərinə zülm verməsinin əleyhinədir və bu səbəbdən QMİ qan verməklə ehtiyacı olan insanlara kömək etmək təşəbbüsünü irəli sürüb.
"İmam Hüseyn əleyhissalam və yaxınları, həmçinin Qarabağda həlak olanlar bizim bu günümüz uğrunda şəhid olublar. Bizdə qan verməklə neçə-neçə insanın şəfa tapması, gələcəyi üçün öz köməkliyimizi göstərib, savab iş görmüş oluruq", - Paşazadə deyib.
O şəhidlərin qanının yerdə qalmamasını arzulayıb və qeyd edib ki, "şəhidliyin nə olduğunu biz yaxşı bilirik".
QMİ sədri həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi qanvermə aksiyasını təkcə Aşura günü deyil, mütəmadi olaraq keçirməlidir.
"Ümumiyyətlə, bunun üçün gələcəkdə xüsusi proqram hazırlanmalıdır. Aşura günü ilə bağlı Səhiyyə Nazirliyi bütün şərati yaradıb ki, insanlar könüllü olaraq qan versinlər. Bu cür aksiyaları Səhiyyə Nazirliyi proqram şəkilində keçirsə, lap yaxşı olar", - o deyib.
Qanvermə aksiyası bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi məscidlərdə - Bakının Təzə pir, Hacı Soltanəli, Bibi-Heybət, İçərişəhər, Qaraçuxur Mir Mövsüm Ağa, Keşlə qəsəbə məscidlərində keçirilir.
Həmçinin Sumqayıtda Cümə, Gəncədə İmamzadə, Mingəçevirdə Heydər məscidlərində, Şəki şəhər məscidi, Lənkəranda Böyük bazar məscidi və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyaları keçirilir.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Məhərrəm ayı noyabrın 16-da başlayıb. Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır.
Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.