Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bu il İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında 8 iş üzrə kommunikasiya aparılıb.
Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Trend-ə bildirib ki, kommunikasiya olunan işlər Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı protokolun 1-ci (mülkiyyət hüququ) maddələrinin pozuntusu ilə bağlıdır. Mülkiyyət hüququnun pozuntusu ilə bağlı olan işlər isə məcburi köçkünlər tərəfindən vətəndaşların mənzillərinin zəbt olunması ilə bağlıdır.
Əsgərov bildirib ki, bu il Avropa Məhkəməsi tərəfindən Azərbaycandan göndərilən şikayətlər üzrə 15 qərar qəbul olunub. Onlardan 9-da Konvensiyanın müddəasının pozuntusu aşkar edilib və hökumət cərimələnib. Digər işlər üzrə rədd edilmə və ya şikayətin baxılmamış saxlanılması barədə qərar qəbul edilib.
Azərbaycana qarşı qəbul edilmiş qərarlar ədalətli məhkəmə araşdırması və seçki hüquqlarının pozuntusu ilə bağlı olub. Həmin qərarlardan 3-ü tam icra olunub, digərləri isə icra mərhələsindədir.
Səlahiyyətli nümayəndə bildirib ki, indiyədək Azərbaycanla bağlı Avropa Məhkəməsi tərəfindən 100-dən artıq qərar çıxarılıb. Onların 60 faizində Konvensiya ilə qorunan hüquqların pozuntusu müəyyən olunub.