...

BQXK-nın Azərbaycan ilə əməkdaşlığı yüksək səviyyədədir

Cəmiyyət Materials 10 Yanvar 2013 19:35 (UTC +04:00)
Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Şerin Pollini və yeni rəhbəri xanım Deniz Duran ilə görüşüb.
BQXK-nın Azərbaycan ilə əməkdaşlığı yüksək səviyyədədir

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin səlahiyyət müddəti başa çatan rəhbəri xanım Şerin Pollini və yeni rəhbəri xanım Deniz Duran ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın BQXK ilə səmərəli əməkdaşlığını vurğulayan nazir məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan genişmiqyaslı islahatlardan, məhkumların hüquqlarının genişləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi üzrə görülən işlərdən, bu sahədə şəffaflığın təmin olunmasından danışıb, həyata keçirilən tədbirlərdə BQXK-nın dəstəyini təqdir edib, xanım Durana uğurlu fəaliyyət arzulayıb.

Söhbət zamanı BQXK ilə sıx qarşılıqlı fəaliyyət nəticəsində məhkumların tibbi təminatının köklü şəkildə yaxşılaşdığı, penitensiar müəssisələrdə vərəmlə mübarizədə yüksək nailiyyətlərin əldə olunduğu qeyd edilərək ölkəmizin bu müsbət təcrübəsindən artıq 10 ölkənin, o cümlədən İngiltərə, Qazaxıstan, Filippin, İraq nümayəndələrinin bəhrələndiyi vurğulanıb.

BQXK-nın ölkəmizlə əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən Pollini müasir penitensiar infrastrukturun yaradılmasında dövlətimizin güclü siyasi iradə nümayiş etdirdiyini, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qəbul olunmuş yeni qanunu mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirib, Azərbaycanda çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə səmimi və işgüzar əməkdaşlıqdan məmnunluğunu ifadə edib, penitensiar müəssisələrə baş çəkmək üçün hər zaman lazımi şərait yaradıldığına görə minnətdarlığını bildirib.

Komitə nümayəndəliyinin yeni rəhbəri Duran Azərbaycanda gedən islahatlardan məlumatlı olduğunu söyləyib, əlaqələrin davam etdirilməsi, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə əməkdaşlığın yeni prioritetləri barədə faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti