...

Dünya azərbaycanlıları 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edəcəklər

Cəmiyyət Materials 15 Yanvar 2013 16:18 (UTC +04:00)
Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.
Dünya azərbaycanlıları 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edəcəklər

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Dünyanın müxtəlif ölkələrində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Rusiya Feredasiyasının Moskva, Sank-Peterburq, Yekaterinburq və digər şəhərlərində Rusiya Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsi, Ümumrusiya Azərbaycan Konqresi və digər diaspor təşkilatlarının iştirakı ilə konfrans, "dəyirmi masa", seminar və elmi konfrans təşkil olunacaq. Bununla yanaşı, "Azerbaycanskiy Konqress" qəzetinin səhifələrində və digər kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc ediləcək.

Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən də 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Azərbaycan Evi, Xəzər Hannover Cəmiyyəti, "Alm.az" Cəmiyyəti tərəfindən müxtəlif tədbirlərin keçiriləcəyi gözlənilir. Mərkəzin təşkilatçılığı ilə yanvarın 19-da Frankfurt Sülh Tədqiqatları Universitetinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azər Babayevin "Bakı qırğını, Dağlıq Qarabağ konflikti və Sovetlərin dağılma prosesi" adlı kitabının təqdimat mərasimi keçiriləcək. 16-18 yanvar 2013-cü il tarixində İsveç siyasi elitasını məlumatlandırmaq məqsədilə İsveç parlamenti və İsveç Krallığı Xarici İşlər Nazirliyində dövlət rəsmiləri və parlament nümayəndələri ilə görüş nəzərdə tutulub.

Həmçinin, ümumxalq hüzn günü Polşa, Macarıstan, Litva və Latviya respublikalarında da müxtəlif tədbirlər planlaşdırılıb.

20 Yanvar faciəsi Gürcüstan, Qazağıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də anılacaq.

Ümumxalq hüzn günü Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının, Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin və digər diaspor təşkilatlarının dəstəyi ilə Ankara, İstanbul, İzmir, Kocaeli, Adana, Antalya, Ədirnə və digər şəhərlərdə müxtəlif tədbirlərlə yad olunacaq. Balıkesir şəhərində "Qanlı Yanvar" adlı fotosərgi keçiriləcək.

20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin, Amerika-Azərbaycan Ticarət Palatasının, Azərbaycan Nyu-York Asossiyasiyasının və digər diaspor təşkilatlarının dəstəyi ilə qeyd olunacaq. Bununla yanaşı, 20 Yanvar faciəsi Kanadanın altı şəhərində də anım mərasimləri, konfranslar, fotosərgilərlə yad ediləcək.

Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycan-Türk Dostluq Cəmiyyəti tərəfindən 20 Yanvar hadisələrinin iyirmi üçüncü ildönümü münasibətilə konfrans, fotosərgi, "dəyirmi masa"nın keçiriləcəyi gözlənilir.

20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünə həsr olunmuş tədbirlərin dünyanın digər ölkələrində də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti