Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/
Azərbaycanda elmi tədqiqatlardan əldə olunan gəlirlərin bir hissəsi alimlərin sosial müdafiəsinə yönələcək.
Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev jurnalistlərə bildirib ki, "Elm siyasəti haqqında" qanun qəbul olunduqdan sonra bu məsələnin tətbiqinə başlanacaq.
"Əgər elmi araşdırma aparılırsa, bunun nəticəsi olmalıdır və gəlir əldə edilməlidir. Bu gəlirin bir hissəsi də bu yeniliyi əldə etmiş şəxsə verilməlidir", - o deyib.
Əliyev bildirib ki, qanunvericilik bazası möhkəmləndikdən sonra bu işləri həyata keçirmək olar.
"Azərbaycanda çoxlu sayda yerli və xarici şirkətlər var ki, onların böyük sifarişləri olur. Və bu sifarişlər AMEA alimləri tərəfindən həyata keçirildiyi təqdirdə əldə olunan gəlirin bir hissəsi onların sosial müdafiəsinə yönəlməlidir", - deputat deyib.
O qeyd edib ki, "Elm siyasəti haqqında" qanun Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq və qəbul olunacağı gözlənilir.
"Bu qanunun qəbul edilməsi ilə Azərbaycanda fundamental elmi tədqiqatların aparılması, elmin inkişafını müəyyənləşdirən qanunvericilik bazası formalaşacaq. Bunun əsasında artıq AMEA-nın elmi tədqiqat institutlarının, ali məktəblərin tərkibindəki elmi tədqiqat institutlarının tədqiqatlarının vəhdəti təmin olunacaq", - Əliyev deyib.