...

Böyük Britaniyada azərbaycanlı gənclərin yeni qəzeti fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 6 Fevral 2013 13:15 (UTC +04:00)
Böyük Britaniyada fevral ayının sonundan etibarən “Birlik” adında azərbaycanca aylıq ictimai-mədəni gənclik qəzeti dərc edilməyə başlanacaq.
Böyük Britaniyada azərbaycanlı gənclərin yeni qəzeti fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

Böyük Britaniyada fevral ayının sonundan etibarən "Birlik" adında azərbaycanca aylıq ictimai-mədəni gənclik qəzeti dərc edilməyə başlanacaq.

Mançester Universitetinin məzunu olan qəzetin baş redaktoru Səməd Səfərov Trend-ə bildirib ki, qəzet bu ölkənin ali məktəblərində oxuyan tələbələr və təhsilini artıq bitirmiş məzunlar tərəfindən könüllü olaraq ərsəyə gətiriləcək.

Səfərovun sözlərinə görə, qeyri-kommersiya məqsədli layihənin əsas hədəfi Böyük Britaniyadakı azərbaycanlı gənclər arasında əlaqələndirməni inkişaf etdirmək, Azərbaycanın mədəniyyətinin təbliğatı uğrunda əməkdaşlığı genişləndirmək, təcrübələrin bölüşdürülməsini təmin etmək, istedadlı gəncləri üzə çıxarmaq və yazmağı sevən gənclər üçün yaradıcı meydan qurmaqdır.

"Birlik" qəzeti əsasən Böyük Britaniyadakı Azərbaycan tələbə cəmiyyətlərinin könüllü ianələri, abunə haqqı, şirkətlərin maliyyə dəstəyi və reklamı hesabına maliyyələşəcəkdir. Qəzeti əldə etmək istəyən oxucular onu hər universitet üzrə təmsilçidən pulsuz ala bilərlər. Lakin qəzetin birbaşa ünvana çatdırılmasını arzulayan oxucular bunun üçün çox cüzi miqdarda abunə haqqı ödəməli olacaqlar. Tələbələrin bu xoşniyyətli layihəsinə dünyanın hər bir nöqtəsindən ianə vermək istəyən kəslər bunu qəzetin internet səhifəsinə daxil olmaqla edə bilərlər: www.birlik.co.uk

Baş redaktor Səməd Səfərov bildirib ki, qəzetdə Böyük Britaniyada yaşayan gənclərin müxtəlif səpkidə məqalələri dərc ediləcək. Materialların əsas məzmunu tələbəçilik, qürbətdə həyat, ictimai fəaliyyət, Böyük Britaniyanın tarixi və mədəniyyəti ilə tanışlıq, karyera məsləhətləri, tematik mövzuda məqalələr, köşə yazıları, ədəbi yaradıcılıq və s. olacaqdır. Fevralın sonunda ilk nömrəsi işıq üzü görəcək "Birlik" qəzeti səkkiz səhifədən ibarət olacaq və 500 tirajla yayılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti