...

Azərbaycanda brakonyerliyə qarşı cəzaların sərtləşdirilməsi təklif edilir

Cəmiyyət Materials 19 Fevral 2013 14:05 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov brakonyerliyə qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, nazir çərşənbə günü jurnalistlərə bildirib ki, bu məsələ ilə bağlı işlər aparılmalıdır.
Azərbaycanda brakonyerliyə qarşı cəzaların sərtləşdirilməsi təklif edilir

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov brakonyerliyə qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarıdır. Trend-in məlumatına görə, nazir çərşənbə günü jurnalistlərə bildirib ki, bu məsələ ilə bağlı işlər aparılmalıdır.

"İnsanlar bilməlidir ki, belə hallara yol verənlər təkcə kiçik cərimə ilə deyil, azadlığını itirməklə də cəzalandırıla bilərlər. Bəlkə belə olduqda bu tədbirlərin effekti olar", - nazir deyib.

O qeyd edib ki, nazirliyin apardığı reydlər zamanı brakonyerlik hallarına rast gəlinir. Buna təəssüflənən Bağırovun sözlərinə görə, bəzən ətindən istifadə edilməyən heyvanlar da ovlanılır.

"Bəzi heyvanları təbiətə sadəcə yaşamaq üçün buraxmaq lazımdır. Məsələn, oxatan kirpi sakit heyvan növüdür, onun ətindən də istifadə olunmur. Ancaq bəzən onu da tuturlar və satmağa cəhd edirlər", - Bağırov əlavə edib.

O, qeyd edib ki, bir çox hallarda ovçular təşkilatlarının özləri də qanun pozuntusu ilə məşğul olurlar.

Nazir bildirib ki, onlar bəzi insanlara yalançı inspektor vəsiqəsi verir, bununla da o adamları təhlükəyə məruz qoyurlar. Nəticədə həmin şəxslər özlərinin səlahiyyəti və silahı olmaya-olmaya silahlı brakonyerlərin qarşısına çıxaraq həyatlarını riskə qoyurlar.

"Belə hallar qanuna ziddir. Bunlar brakonyerliyin qarşısını almağa kömək yox, ona mənfi təsir edən amildir. Yerlərdə bununla bağlı təkcə ETSN-in işçiləri deyil, bütün ictimaiyyət, digər təşkilatlar mübarizə aparmalıdır", - nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti