Azərbaycan, Bakı, 3 aprel /Trend/
Bu gün Azərbaycan Diplomatik Akademiyası (ADA) yeni tərəfdaşlığın başlanğıcını qoyaraq "Bank of Baku" ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.
Akademiyadan Trend-ə verilən məlumata görə, ADA-nın tədris mərkəzində keçirilən imzalanma mərasimində Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və "Bank of Baku" ASC İdarə Heyətinin sədri Fərid Hüseynov təşkilatların əməkdaşlıq quracağı sahələri müəyyənləşdiriblər. Belə ki, növbəti beş il ərzində ADA-da yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr "Bank of Baku" tərəfindən təsis edilən təqaüddən yararlana biləcək, ADA İxtisasartırma Proqramları isə bank əməkdaşları üçün xüsusi təlim kursları təşkil edəcək.
Qarşılıqlı əməkdaşlıq, həmçinin ADA tələbələri və məzunlarının "Bank of Baku"da işə və təcrübə toplama proqramlarına cəlb edilməsi, birgə elmi-praktiki konfransların keçirilməsi və gələcəkdə bank və maliyyə sahəsinə aid birgə işlənilən yeni ixtisasların açılmasını nəzərdə tutur.