...

Azərbaycan hotellərində birgünlük gecələmə neçəyə başa gəlir?

Cəmiyyət Materials 11 Aprel 2013 15:48 (UTC +04:00)
Azərbaycan hotellərində birgünlük gecələmənin qiyməti 40 manatdan başlayır və bu xidmətin haqqı 150 manatdan cox olmur. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
Azərbaycan hotellərində birgünlük gecələmə neçəyə başa gəlir?

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan hotellərində birgünlük gecələmənin qiyməti 40 manatdan başlayır və bu xidmətin haqqı 150 manatdan cox olmur. Bunu cümə axşamı Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, əksər hotellərdə birgünlük gecələmənin qiymətinə həm də gün ərzində üç dəfə yemək daxildir.

Bağırov deyib ki, Azərbaycanın bölgələri arasında "beşulduzlu" hotellərin ən çox olduğu rayon Qəbələdir. Bu rayonda 3 böyük "beşulduzlu" hotel yerləşir. Ancaq burada da hotellərin bir otağında birgünlük gecələmə 150 manatdır.

"Gecələmənin qiyməti müəyyən hallarda müştəri üçün baha da ola bilər. Çünki hoteldə həm adi müştəri üçün satış qiyməti, həm də turizm şirkəti üçün nəzərdə tutulmuş qiymət var. Əlbəttə ki, satış qiyməti ilə turizm şirkəti üçün müəyyənləşdirilmiş qiymət arasında fərq var. Bu, dünya praktikasında da belədir", - Bağırov əlavə edib.

O hesab edir ki, müştəri hotelə birbaşa özü müraciət etdikdə yerləşdirmənin qiyməti daha baha olur. Turizm şirkətinin xətti ilə hoteldə yerləşdirmənin qiyməti isə müştəriyə daha ucuz başa gəlir.

Bağırovun fikrincə, buna görə də müştərilər turizm şirkətlərinin xətti ilə hotellərdə yerləri bronlaşdırsalar, onlar üçün daha sərfəli olar.

Assosiasiya sədri hesab edir ki, Azərbaycandakı bır sıra hotellərdə yerləşdirmə qiymətləri Avropa ölkələri ilə eynidir. Bəzi hotellərdə isə bu qiymətlər daha ucuzdur.

O, builki yay turizmi mövsümü ərəfəsində hotellərdə qiymətlərin ötən illə müqayisədə artmadığını da söyləyib.

Bağırov Azərbaycan turistlərinin yay ayları ərzində dincəlmək üçün daha çox xaricə getmələrinin səbəbini xidmətlərin qiymətinin baha olması ilə əlaqələndirməyib.

O, hesab edir ki, yerli turizm xidmətlərinin qiymətləri heç də xarici ölkələrdəki turizm xidmətlərinin qiymətlərindən baha deyil.

Bağırov bildirib ki, əksər hallarda yerli turistlər həftənin cümə, şənbə və bazar günlərində yerli hotellərdə dincəlirlər. Ancaq turistlərin əksəriyyəti hesab edir ki, yerli hotellərdə hər zaman dincələ bilərlər. Buna görə də yay aylarında götürdükləri uzunmüddətli əmək məzuniyyətini xaricdə dincəlməyə sərf etməyə üstünlük verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti