Azərbaycan, Bakı, 7 may /Trend/
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar mayın 7-də Gürcüstanın Marneuli şəhərində keçirilən tədbirdə ziyalılar, QHT rəhbərləri, Gürcüstan parlamentinin üzvləri Mahir Dərziyev, Əli Məmmədov, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, Gürcüstanın ali məktəblərində təhsil alan tələbələr, gənclər, ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri Mərkəzin rəhbəri Fazil Həsənov açaraq ümummilli lider Heydər Əliyevin böyük siyasətçi kimi beynəlxalq aləmdə qazandığı uğurlardan, azərbaycançılıq ideyalarının təbliğində müstəsna xidmətlərindən, gənclər siyasətindən ətraflı söz açıb və ulu öndərin xatirəsinin bir dəqiqəlik sükütla yad olunmasını təklif edib.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, ARDNŞ-nin rəsmisi Şövqi Mehdizadə çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarına güzgü tutublar. Tədbir çərçivəsində Zahid Qaralovun yeni işıq üzü görmüş "Heydər Əliyevin elmi irsi" kitabının təqdimatı olub və Şahismayıl Şəmmədoğlunun təqdimatında "Heydər Əliyev və Gürcüstan" filmi nümayiş olunub.
Daha sonra "Milyarderlər İttifaqı"nın üzvü Söyün Sadıqovun Gürcüstan azərbaycanlıları ilə bağlı fikirlərinə münasibət bildirilib, tədbir iştirakçıları tərəfindən bəyanat qəbul olunub.
"Son günlər bəzi kütləvi informasiya vasitələrində Rusiyada yaradılmış "Milyarderlər ittifaqı"nın üzvü Söyün Sadıqovun Gürcüstanın azərbaycanlı gəncləri ilə bağlı yaydığı məlumat bizdə dərin təəssüf və narahatlıq yaradır. Gürcüstan azərbaycanlıları öz vətəninin tam hüquqlu vətəndaşı olaraq, dövlətin maddi və mənəvi dəstəyi ilə təhsil, mədəniyyət və s. sahələrdə cəmiyyətə qaynayıb-qarışmaqla ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edirlər. Bu, tarixən dostluq və qardaşlıq telləri ilə üzvi şəkildə bir-biri ilə bağlanmış GürcüSTAN və Azərbaycan xalqlarının birgə yaşayışında və strateji əməkdaşlığında mühüm amildir. Belə bir məqam bəzi dairələrin məkrli siyasətinə uyğun gəlmir və onlar hər vəchlə buna mane olmağa çalışır, bu yolda istənilən addımlar atmağa hazırdırlar. Milli vətənimiz olan Azərbaycan Respublikasının artan nüfuzu, dünya birliyində sanballı söz sahibinə çevrilməsi biz gürcüstanlıları ürəkdən sevindirir və qürur hissi doğurur. Biz də öz ölkəmizin layiqli vətəndaşı olmağımızla hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir, azərbaycançılıq ideyaları ətrafında sıx birləşir və heç zaman "düşmən dəyirmanına su tökülməsinə" imkan verməyəcəyimizi bildiririk", - bəyanatda qeyd olunub.
Bəyanat iştirakçılar tərəfindən yekdilliklə qəbul olunub.
Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, şair Givi Paçxataşvili, Gürcüstan Texniki Universitetinin tələbəsi Fidan Şıxıyeva, "Metadream" təşkilatının rəhbəri Kamran Kiryakov çıxış edərək azərbaycanlı gənclərin Gürcüstanın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını, onların ağıllı-dərrakəli insanlar kimi heç bir təxribata uymayacaqlarını və heç kəsin onların adından danışmağa haqqı olmadığını xüsusi vurğulayıblar.
Sonda AMM-in nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs qrupu üzvlərinin ifasında ədəbi-bədii konpozisiya nümayiş olunub.
Tədbir "SOCAR Georgia"nın dəstəyi ilə Marneulidə yerləşən "Çay evi"nin "Muğam" restoranında ziyafətlə davam edib.