Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/
Qeyri-sabit hava şəraiti nəticəsində güclü küləklə müşahidə olunan yağışın ardınca Göygöl rayonuna dolu düşüb.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yağan dolu həyətyanı təsərrüfatlara, meyvə-tərəvəzə və üzüm sahələrinə ziyan vurub, rayon ərazisində bir neçə ağacın aşması yolun bağlanmasına səbəb olub. Rayonun Çaykənd kəndində güclü külək elektrik naqillərinin qırıb.
Göygöl Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Turani Əliyev bildirib ki, hazırda dolunun rayon təsərrüfatına vurduğu ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparılır:
"Ötən gün axşam saat 16:40 radələrində rayon ərazisinə güclü dolu düşüb. Dolu fərdi evlərə və elektrik təsərrüfatına ziyan vurub. Bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişi dayandırılıb. Görülmüş tədbirlər nəticəsində təxminən gecə saat 01:00 radələrində enerji verilişi bərpa olunub. Hazırda dəymiş ziyanın miqdarı müəyənləşdirilir".