Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.Mehdiyev/
Milli Televiziya və Radio Şurası (MTRŞ) reseptsiz satılan dərmanların və reklamına icazə verilən özəl klinikaların televiziya məkanında reklamı ilə bağlı məsələni araşdırmaq üçün Səhiyyə Nazirliyindən sənədin daxil olmasını gözləyir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Şura sədri Nuşirəvan Məhərrəmli bildirib.
N.Məhərrəmli deyib ki, "Reklam haqqında" qanunda dəyişiklik ölkə Prezidenti tərəfindən təsdiqlənib:
"Qanuna uyğun olaraq, reseptsiz satılan dərmanların və reklamına icazə verilən özəl klinikaların siyahısı ilə bağlı Səhiyyə Nazirliyindən bizə hər hansı sənəd daxil olmayıb. Biz televiziya kanallarında gedən bütün reklamlarda olan tibb klinikaları və dərmanlarla bağlı məsələni araşdıra bilmərik. Əgər Səhiyyə Nazirliyi bizə lisenziya almış tibb klinikaları ilə bağlı məlumat verərsə, o zaman biz tədbir görə bilərik. Bütün reklamları araşdırmağa imkanımız yoxdur".