Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanla qonşu olan ölkələrdə qızılca xəstəliyi həddindən artıq qeydə alındığı üçün həmin ölkələrdən bu xəstəliklərin ölkəmizə daim gətirilmə ehtimalı var və bu xəstəliyə hər kəs yoluxa bilər. Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, Gürcüstanda qızılca xəstəliyi həddindən çox qeydə alınır. Azərbaycanla qonşu olan Türkiyə və Rusiyada da qızılcaya yoluxma halları var. Mərkəz rəsmisi hazırda Azərbaycanda da qızılcaya yoluxma halının az da olsa qeydə alındığını söyləyib: "Bizdə də tək-tük hallarda qızılca halları var. Bunu danmaq lazım deyil. Bizdə peyvəndi olmayan uşaqlar, 2006-cı ildə məxmərək və qızılcaya qarşı aparılan kampaniyada iştirak etməkdən imtina etmiş və müxtəlif səbəblərə görə peyvənd ala bilməyən böyük yaşlı əhali qızılcaya yoluxub. Buna görə də qızılcaya qarşı peyvənd olunmaq lazımdır. Əgər kimsə uşağını peyvənd etdirməyibsə, tələssin. Tibb müəssisəsinə müraciət edərək uşağını peyvənd etdirsin. Çünki qızılca xəstəliyi yalnız peyvəndi olmayan insanlarda qeydə alınır".
Mərkəz rəsmisi deyib ki, indiyədək Azərbaycanda Rusiyadan gətirilmə qızılca halları qeydə alınıb. Azərbaycanda aşkar olunan virusun genotipi Rusiyada baş verən xəstəliyin genotipidir: "Rusiyadan bizə gətirilmə halları tək-tük hallarda olub. Bu da peyvəndi olmayan uşaqlarda baş verib".
A.Əliyeva qeyd edib ki, xəstəliyi gətirən şəxslər uşaqla təmasda olduqda artıq xəstəliyi ona yoluxdururlar.
Onun sözlərinə görə, qızılcadan qorunmaq üçün ən yaxşı yol və həyata keçirilməsi vacib olan tədbir peyvəndin aparılmasıdır. Əhalinin immun səviyyəsi yüksək olduqda yoluxucu xəstəliyin yayılması baş vermir.
A.Əliyeva əminliklə bildirib ki, əgər əhalidə peyvəndin səviyyəsi yüksək olarsa, qonşu ölkədə baş verən heç bir yoluxucu xəstəlik bizə qorxu törədə bilməz: "2010-cu ildə Tacikistanda həddindən artıq - yüzlərlə poliomielit xəstəliyinə yoluxma hadisəsi qeydə alındı. Bu xəstəlik Azərbaycana yaxın ölkələrə keçsə də, bizim ölkədə bu xəstəlik baş vermədi, hətta gətirilmə halı qeydə alınmadı. Çünki Azərbaycanda polimelit xəstəliyinə qarşı peyvənd səviyyəsi çox yüksəkdir. Bütün uşaqlar polimelitə qarşı peyvənd edilib. Peyvənd səviyyəsi yüksək olanda, xəstəlik ölkəyə gətirilsə də, o, endemik yayılmaya səbəb olmur. Ona görə də indi Azərbaycanda tək-tük hallarda qızılcaya yoluxmaya halları olubsa, bunlar da peyvənd aparılmayan uşaqlarda baş verib".
Bütün qatarlarda və dəmiryol vağzallarında mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Gürcüstanda qızılca epidemiyası məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, dezinfeksiya prosesi zəruri haldır: "Və işçilərimiz tərəfindən mütləq qaydada həyata keçirilir".
Məsələ ilə bağlı Trend-ə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə bildirib ki, qızılcaya yoluxma faktı aşkar edilməyib.
Onun sözlərinə görə, buna baxmayaraq, QSC-nin sanitar-epidemioloji stansiyası gücləndirilmiş iş rejimində işləyir.