...

Azərbaycanda orta məktəblərə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün imtahanların vaxtı açıqlandı (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 İyul 2013 16:02 (UTC +04:00)
2013-2014-cü tədris ili üçün Azərbaycanın orta məktəblərinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun 25-dən avqustun 7-dək keçiriləcək.
Azərbaycanda orta məktəblərə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün imtahanların vaxtı açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsbalayeva/

2013-2014-cü tədris ili üçün Azərbaycanın orta məktəblərinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün imtahanlar iyulun 25-dən avqustun 7-dək keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Qədirovun sözlərinə görə, iyulun 16-20-də işə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesi aparılacaq, iyulun 21-23-də isə imtahan qrupları formalaşdırılacaq.

O bildirib ki, hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək.

Şöbə müdiri əlavə edib ki, Təhsil Nazirliyi bu il orta məktəblərin vakant yerlərinə işə qəbul olunacaq 3000-dək müəllimin təhsil sənədlərini ciddi şəkildə yoxlayacaq.

Onun sözlərinə görə, saxta sənədlə işləyən müəllimlərin aşkar olunması istiqamətində nazirlik mütəmadi olaraq tədbirlər həyata keçirir.

Azərbaycan təhsil nazirinin "2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" əmrinə uyğun olaqraq, iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılıb. İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb.

Bu müddətdə ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18 782 nəfər ərizə verib.

Ötən il isə 3270 vakant yerə 16 195 nəfər müraciət etmişdi. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, ilngilis dili və riaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti