Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/
Bundan sonra orta məktəblərdəki vakant müəllim yerləri hər tədris ilində iki dəfə elan ediləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, ikinci dəfə ilk müsabiqə zamanı tutulmamış və müsabiqədən sonra yaranan vakant müəllim yerləri elan ediləcək. Bununla da müsabiqədə keçid balını toplamış və işə qəbul olunmamış müəllimlər elektron qaydada seçim edərək bu yerlərdə işləmək imkanı əldə edəcəklər.
F.Qədirov bildirib ki, 2013-2014-cü tədris ili üçün Azərbaycanın orta məktəblərinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə imtahanların I mərhələsindən uğurla keçən namizədlər üçün müsahibə əvvəlki illərdən fərqli şəkildə təşkil olunacaq. Müsahibə üçün xüsusi proqram tərtib olunub.
Müsahibədən sonra boş qalan yerlər imtahanda keçid balını toplamış, lakin işə qəbul olunmamış müəllimlər üçün elan ediləcək. Onlar bu yerlərə uyqun olaraq yenidən elektron ərizə ilə müraciət edəcəklər. Bunun əsasında yenidən namizədlərin elektron yerləşdirilməsi aparılacaq. F.Qədirov deyib ki, müəllimlərin işə qəbulu ilə bağlı digər prosedurlar isə əvvəlki qaydada aparıacaq.
Onun sözlərinə görə, bu il müəllimlərin işə qəbulu ilə müsabiqə əvvəlki illərdən xeyli tez müddətdə başa çatdırılacaq. Avqustun 15-dək bütün bu prosedurların başa çatdırılması planlaşdırılır. Həmin müddətə qədər müəllimlər hansı məktəblərdə işləməli olduqlarını biləcəklər.
Azərbaycanda vakant müəllim yerləri üçün keçiriləcək imtahanlarda yenilik edilib
Bundan sonra orta məktəblərdəki vakant müəllim yerləri hər tədris ilində iki dəfə elan ediləcək.