Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/
Təhsil Nazirliyi orta məktəblərdə vakant müəllim yerlərini gizlədən və onları müəllimlərin işə qəbulu üçün keçirilən müsabiqədə təqdim etməyən məktəb direktorlarına qarşı tədbirlər görəcək. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə məktəb direktorları tərəfindən vakant yerlərin gizlədilməsi və ya əlavə müəllimlərin işə qəbulu ilə bağlı müəyyən hallar olurdu: "Biz bu hallara qarşı çox ciddi intizam tədbirləri görmüşük. Əgər sonradan hər hansı məktəb rəhbərinin vakant yeri təqdim etmədiyi aşkarlanarsa, bunun barəsində tədbir görəcəyik. İndi vakant yerlərin gizlədilməsi direktorlara heç bir şey vermir. Çünki direktorlar müəlimləri işə qəbul edə bilmirlər".
F.Qədirov bildirib ki, hazırda müəllimlərin işə qəbulu üçün ciddi reqlamentləşdirici qaydalar mövcuddur. Bu qaydalardan kənara çıxanlara qarşı ciddi intizam tədbiri görüləcək.
Nazirlik rəsmisi hesab edir ki, getdikcə vakant müəllim yerlərini gizlədən məktəb direktorlarının sayı azalacaq.
F.Qədirov bəzi hallarda müəllimlərin müsabiqədənkənar işə qəbul oluna bildiyini də söyləyib. O qeyd edib ki, əgər müəllim məktəbdə 10 ildən çox işləyirsə və işləməkdə davam edirsə, o, iş yerini başqa məktəbə dəyişə bilər. Ancaq 10 il işlədikdən sonra hər hansı səbəbdən işdən çıxan və hazırda işləməyənlər müsabiqə vasitəsilə işə qəbul ola bilərlər: "Ancaq onlar müsabiqədə iştirak etməsələr də vakansiya yarandıqda Təhsil Nazirliyinə müraciət edə bilərlər. Təhsil Nazirliyi onların sənədlərini araşdırır, çox ciddi müsahibədən keçirir və uyğun vakant yerlərə göndərə bilər".