Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Bu gün Bakıda jurnalistlər üçün inşa edilən binanın açılış mərasimindən sonra mənzillərin paylanmasına dair püşkatma olub. Trend-in məlumatına görə, püşkatma nəticəsində jurnalistlərin mənzillərinin mərtəbəsi, neçə otaqlı olması müəyyənləşib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilən binanın açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.
Sonra Azərbaycan Prezidenti qırmızı lenti kəsdikdən sonra mənzillərə baxış keçirib. Baxışdan sonra həmin binanın yanında jurnalistlər üçün nəzərdə tutulan daha bir binanın təməlqoyma mərasimi keçirilib.
Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırmışdı. Bina 156 mənzildən ibarətdir.
Onu da qeyd edək ki, jurnalistlər tədbirdən əvvəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Milli Mətbuatın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.