Azərbaycan, Bakı, 31 iyul /Trend/
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 1-ci qrup ixtisasları üzrə TQDK-nın təşkil etdiyi test imtahanlarında ən yüksək nəticə - 695 bal toplamış 2 abituriyenti - Binəqədi rayonu, 244 nömrəli məktəbin məzunu Sevinc Sakit qızı Qafarlını, Nərimanov rayonu, 45 nömrəli məktəbin məzunu Zümrüd Yunis qızı Nəbiyevanı və onların valideynlərini qəbul edib.
Rektor Bakı Ali Neft Məktəbinə göstərdikləri marağa görə abituriyentlərə və onların valideynlərinə minnətdarlığını bildirib, onlara ali təhsil müəssisəsinin yaranma tarixi, onun qarşısında duran vəzifələr, 2012-ci ildə qəbul kampaniyasında əldə etdiyi uğurlar, təhsil ocağında həyata keçirilən tədris proqramlarının özəllikləri, yaradılmış infrastruktur, tədrisin təşkili haqqında ətraflı məlumatlar verib, Ali Məktəbin inkişaf perspektivlərini açıqlayıb, abituriyentlərə qiymətli hədiyyələr - "iPad" bağışlayıb və gələcək təhsillərində uğurlar diləyib.
Abituriyentlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə rektora minnətdarlıqlarını bildiriblər.