...

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti qədim İçərişəhərlə tanış olub (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2013 01:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Avqustun 11-də İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində qədim İçərişəhərlə tanış olub.

Nazirlər Şurasının Prezidenti Enriko Letta əvvəlcə İtaliyanın Azərbaycandakı səfirliyinə gələrək burada yaradılan şəraitlə tanış oldu, binanın üst qatından Bakının mənzərəsini seyr etdi.

Elektromobillə gəzinti zamanı Enriko Lettaya UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Gəzinti zamanı İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti rəssam Əli Şəmsinin emalatxanası ilə tanış oldu. Burada hörmətli qonağa xatirə hədiyyəsi verildi.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti təndir çörəyinə qonaq edildi.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Enriko Lettada böyük maraq doğurdu.

Daha sonra İtaliya Respublikası Nazirlər Şurasının Prezidentinə Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verildi. Bildirildi ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Daha sonra Enriko Letta Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda çay süfrəsinə qonaq edildi.

Enriko Letta "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq İtaliya Respublikası Nazirlər Şurasının Prezidentinə hədiyyələr təqdim edildi.

Xəbər lenti

Xəbər lenti