...

Azərbaycanın turizm şirkətləri Misirdə baş vermiş hadisələrdən ziyan çəkiblər?

Cəmiyyət Materials 21 Avqust 2013 14:38 (UTC +04:00)
Misirdə baş vermiş siyasi hadisələr Azərbaycanın turizm şirkətlərinin işinə bir o qədər də təsir göstərməyib və onlar bundan ziyan çəkməyiblər.
Azərbaycanın turizm şirkətləri Misirdə baş vermiş hadisələrdən ziyan çəkiblər?

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İsabalayeva/

Misirdə baş vermiş siyasi hadisələr Azərbaycanın turizm şirkətlərinin işinə bir o qədər də təsir göstərməyib və onlar bundan ziyan çəkməyiblər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Bunun səbəbini yerli şirkətlərin alternativ marşrutlar üzrə işləməsi ilə izah edən M.Ağakərimov bildirib ki, turizm sahəsində fors-major halları ola bilər. Ona görə də alternativ turizm marşrutları təşkil edilir: "Peşəkar turizm şirkətləri yalnız bir ölkəyə səfərin təşkili üçün müqavilələr bağlamırlar. Onlar müxtəlif istiqamətlər üzrə səfərlər təşkil edirlər. Buna görə də Misirdə baş vermiş hadisələrin turizm şirkətlərinin işinə bir o qədər də təsiri yoxdur və onlar bundan ziyan çəkməyiblər".

M.Ağakərimovun sözlərinə görə, AzTA bütün turizm şirkətlərinə həm Avropa, həm Yaxın Şərq, həm də Asiya ölkələri üzrə müxtəlif alternativ müqavilələr bağlamağı məsləhət görür. Çünki bu, həm turistlərin səfər edə biləcəyi məkanların coğrafiyasını genişləndirir, həm də iki ölkənin vətəndaşları bir-birlərinin mədəniyyəti, tarixi və s. barədə geniş məlumatlar alırlar. Hazırda isə AzTA Makedoniya, Macarıstan, Bolqarıstanla turizm əlaqələrinin inkişafı üçün işlər aparır.

Dünya turizmində Misirin çox maraq göstərilən ölkələrdən biri hesab edildiyini deyən M.Ağakərimov qeyd edib ki, Azərbaycan turistlərinin də Misirə marağı həmişə olub və olacaq da. Ancaq hələlik Misirdəki məlum hadisələrlə əlaqədar bu ölkəyə turistlərin səfər etməsi müvəqqəti dayandırılmalıdır.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov isə Trend-ə bildirib ki, hazırda turizm şirkətləri Misirə heç bir səyahət təşkil etmirlər. Misirə səfər etmək istəyənlər bu ölkəyə yalnız fərdi qaydada gedə bilərlər.

Qeyd edək ki, Misirdə baş verən hadisələrlə əlaqədar həmin ölkədən 50-yə qədər Azərbaycan vətəndaşı təxliyyə edilib. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi də ölkə vətəndaşlarına hələlik Misirə səfər etməmələrini tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti