...

Bu il azərbaycanlı turistlər daha çox hansı ölkələrə səfər ediblər?

Cəmiyyət Materials 30 Avqust 2013 15:37 (UTC +04:00)
Bu ilki yay turizm mövsümündə azərbaycanlı turistlərin daha çox səfər etdikləri ölkələrin adları və Azərbaycana gələn turistlərin daha çox hansı bölgələrə maraq göstərdikləri açıqlanıb.
Bu il azərbaycanlı turistlər daha çox hansı ölkələrə səfər ediblər?

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu ilki yay turizm mövsümündə azərbaycanlı turistlərin daha çox səfər etdikləri ölkələrin adları və Azərbaycana gələn turistlərin daha çox hansı bölgələrə maraq göstərdikləri açıqlanıb. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə bildirib ki, ötən illərdə olduğu kimi, bu il də Azərbaycan turistlərinin daha çox səfər etdiyi ölkələrin siyahısına Türkiyə liderlik edir. Bu ölkəyə yayda səfər edənlər əsasən Antalyaya, Quşadası, Ege adasına, Aralıq dənizi sahillərinə səfər edirlər. Siyahıda sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna (Ukraynanın müalicə-kurort şəhərləri), Birləşmiş Ərəb Əmirliyi (Dubay şəhəri) tutur.

M.Ağakərimov bildirib ki, Şərqi Avropa ölkələrindən Çexiya, Bolqarıstan, Monteneqroya da səfər edənlərin sayı artıb. Azərbaycanlı turistlər Çexiyanın daha çox müalicə-kurort şəhəri sayılan Karlovı Varı, Bolqarıstanın Qızıl Qum şəhərinə səfər ediblər. Bu il Macarıstana maraq göstərən turistlərin sayı çoxalıb. Bu yay Fransaya səfər edən azərbaycanlı turistlər olsa da, onların sayı Azərbaycanla qonşu olan ölkələrə səfər edən turistlərlə müqayisədə azdır. Fransaya turistlərin az getməsinin əsas səbəbi isə səfərin digər ölkələrlə müqayisədə daha baha başa gəlməsi ilə əlaqədardır.

AzTA sədrinin müşavirinin sözlərinə görə, bu il Şərqi Asiya ölkələrindən olan Tailanda gedənlərin də sayı artıb.

M.Ağakərimov bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan turistləri indi daha səriştəli olublar. Onlar artıq bir ölkəyə getməklə oradan digər ölkəyə də səfər edirlər.

Azərbaycana səfər edən turistlərə gəldikdə, ölkəmizə daha çox qonşu ölkələrdən turistlər səfər edir. Azərbaycana gələn turistlər daha çox şimal-şərq zonasına maraq göstərirlər. Qusardakı Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi turistlərin bu bölgəyə olan marağını daha da artırıb. Azərbaycanda turistlərin daha çox səfər etdiyi ikinci bölgə şimal-qərb zonası-Qax, Zaqatala, İsmayıllı, Qəbələdir. Qəbələdə bır sıra beynəlxalq tədbirlərin keçirilməsi bu bölgəyə gələn turistlərin sayının artımına təsir göstərib. Bu siyahıda üçüncü yerdə isə cənub zonası yer tutur.

Azərbaycana istirahət məqsədilə gələn turistlər burada orta hesabla 15-20 gün qalırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti