Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/
İsmayıllı hadisələri ilə bağlı cinayət işi yekunlaşıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror bildirib ki, hazırda İsmayıllı hadisələri ilə bağlı artıq istintaq materialları ilə tanış olurlar: "Cari il 23-24 yanvarda İsmayıllı şəhərində xuliqanlıq və sair cinayətlər törətməkdə təqsirləndirilən şəxslər barəsində istintaq olunan cinayət işinin materiallarından iki şəxs barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı tamamlanaraq avqustun 26-da aidiyyəti üzrə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Digər təqsirləndirilən şəxslər barəsində olan cinayət işi üzrə də istintaq artıq tamamlanmış və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yaxın vaxtlarda aidiyyəti məhkəməyə göndərilməsi nəzərdə tutulur".
Xatırladaq ki, yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə, daha sonra isə bir neçə kütləvi etiraz aksiyası baş vermişdi.
Z.Qaralov, həmçinin deyib ki, Azərbaycan müdafiə nazirinin keçmiş müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlinin üstünün açılması istiqamətində heç bir yenilik yoxdur.
Onun sözlərinə görə, vaxtından asılı olmayaraq törədilən istənilən adam öldürmə faktı ilə bağlı cinayət işi açılır və istintaq aparılır: "Qəsdən adamöldürmə ilə bağlı qalan bütün cinayət işləri bizim nəzarətimizdədir. Rail Rzayevin qətlə yetirilməsi faktına görə dərhal Azərbaycan Respublikası CM-in 120.2.7, 29, 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanmış, Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır. Məlumat üçün bildirirəm ki, müxtəlif fərziyyələr ətrafında işin bütün halları üzrə çoxşaxəli və intensiv istintaq aparılmaqla, o cümlədən mürəkkəb kompleks ekspertizalar keçirilərək müvafiq rəylər alınmış və digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.
Hazırda cinayətin açılması və onu törədənlərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Qeyd edək ki, Rail Rzayev 2009-cu il fevralın 11-də, saat 07.30 radələrində Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədəki evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.