...

Azərbaycanda müəllim ixtisasına qəbul qaydalarına dəyişikliklər ediləcək

Cəmiyyət Materials 24 Dekabr 2013 13:28 (UTC +04:00)
Azərbaycanda yaxın zamanlarda müəllimlik ixtisasına qəbul qaydalarına müəyyən dəyişikliklər ediləcək.
Azərbaycanda müəllim ixtisasına qəbul qaydalarına dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda yaxın zamanlarda müəllimlik ixtisasına qəbul qaydalarına müəyyən dəyişikliklər ediləcək. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində təhsil işçiləri üçün keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Şöbə müdiri qeyd edib ki, hazırda bu məsələ müzakirə edilir: "Bu sahədə qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı müzakirələr aparılır. Hesab edirik ki, gələcəkdə müəllimlər düşünərək, dərk edərək bu peşəni seçməlidirlər. Fikrimizcə, qısa zamandan sonra müəllimlik ixtisasına qəbulda müəyyən dəyişikliklər olacaq".

Onun sözlərinə görə, Təhsil Nazirliyi Azərbaycanda müəllim hazırlayan xüsusi liseylərin fəaliyyət göstərməsini də təklif edib.

Ölkədə müxtəlif təmayüllü liseylərin olduğunu deyən şöbə müdirinin fikrincə, müəllimlik peşəsi ilə bağlı ayrıca liseylərin olması lazımdır: "Bu liseylərin olması təhsilin inkişafında müsbət rol oynaya bilər. Yəni, bu, o deməkdir ki, gələcəkdə tam orta təhsil pilləsinə yalnız müəllimlik peşəsini seçəcək şəxslər gələcək. Bununla da müəllimlər seçəcəkləri ixtisasları yaxşı tədris etməklə yanaşı, orta məktəbdən başlayaraq müəllimlik keyfiyyətləri də aşılaya biləcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti