Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Akademik Zərifə Əliyeva adına liseydə "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağı açılıb.
Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin İKT ilə təminatı əsas strateji hədəflərdən biri kimi qarşıya qoyulub. İKT sahəsində real dayanıqlı inkişaf əldə etmək üçün məktəblərin maddi-texniki bazası inkişaf etdirilməli, bu sahə üzrə məzmun yaradılmalı, resurslar vasitəsilə şagirdə çatdırılmalı, müəllimlərin İKT-dən istifadə səriştəsi artırılmalıdır.
Nazir müavininin fikrincə, "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsi çərçivəsində Azərbaycanın orta məktəbində İKT əsaslı tədris otağının yaradılması, bu resurslardan istifadəsinə dair treninqlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.
Koreyanın Azərbaycandakı səfiri Çoi Suk bildirib ki, pilot layihə çərçivəsində əməkdaşlıq iki ölkə arasında mövcud dostluq əlaqələrini daha da sürətləndirəcək. Koreya təhsil təcrübəsinin tətbiqi Azərbaycana yüksək keyfiyyətli insan qaynaqlarının yetişdirilməsinə kömək edəcək.