...

"Təmiz Şəhər" ASC bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirələr keçirib

Cəmiyyət Materials 1 Aprel 2014 15:24 (UTC +04:00)
“Təmiz Şəhər” ASC gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə 4 ildən çoxdur ki, bir sıra universitetlərlə əməkdaşlıq edir.
"Təmiz Şəhər" ASC bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirələr keçirib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

"Təmiz Şəhər" ASC gənc nəslin ekoloji maarifləndirilməsi məqsədi ilə 4 ildən çoxdur ki, bir sıra universitetlərlə əməkdaşlıq edir. Bu müddət ərzində müxtəlif universitetlərdə "Təmiz Şəhər" ASC tərəfindən keçirilmiş mühazirələr, dəyirmi masa və müzakirələrin əsas məqsədi gənc nəslin ekologiya və tullantıların idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması, onların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək olmuşdur.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu əməkdaşlığın davamı olaraq "Təmiz Şəhər" ASC tərəfindən martın 31-də Xəzər Universitetində təhsil alan tələbələrə "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda mühazirə oxunulmuş, tələbələrə Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində mövcud vəziyyət, əldə olunan nailiyyətlər, eləcə də "Təmiz Şəhər" ASC-nin fəaliyyəti haqqında məlumat verilmişdir. Mühazirələr tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki, "Təmiz Şəhər" ASC tərəfindən gənclərin bu sahədə bilik səviyyəsinin artırılması və tullantıların idarə edilməsi sahəsində maraqlı olan hər kəsin məlumatlandırılması üçün Balaxanı qəsəbəsində fəaliyyət göstərən Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına mütəmadi turlar təşkil edilir. Tədris olunan mühazirələrin effektivliyinin artırılması, əyani tanışlıq və nəzəri biliklərin möhkəmlənməsi üçün Xəzər Universitetində təşkil edilmiş mühazirədə iştirak edən tələbələrin də zavodlara praktiki turlarının təşkil olunması nəzərdə tutulur.

Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti