...

Məhkəmə Gülər Əhmədovanın vəklinin vəsatətini təmin etmədi

Cəmiyyət Materials 11 Aprel 2014 18:02 (UTC +04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı hakim sabiq deputat Gülər Əhmədovanın vəkilinin vəsatətini təmin etməyib.
Məhkəmə Gülər Əhmədovanın vəklinin vəsatətini təmin etmədi

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı hakim sabiq deputat Gülər Əhmədovanın vəkilinin vəsatətini təmin etməyib.

Trend-in məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat G.Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə G.Əhmədovanın vəkilləri bir neçə vəsatətlə çıxış ediblər. Lakin vəsatətlərin heç biri təmin olunmayıb. Proses davam etdirilir.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı videodan sonra Gülər Əhmədova öz deputat mandatından imtina edib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılmasına dair/, eləcə də əlavə digər vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib.

Xatırladaq ki, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti