...

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Azərbaycana gəlir

Cəmiyyət Materials 12 May 2014 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri Azərbaycana rəsmi səfərə gəlir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 13-15 may 2014-cü il tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru F.Qarri Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycan hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq. Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyinin rəhbərliyi ilə görüşəcək ali qonağın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Müasir iqtisadiyyatda əqli mülkiyyət" mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır.

Qeyd edək ki, F.Qarri bir neçə gün öncə təşkilatın ikinci dəfə baş direktoru seçiləndən sonra ilk səfərini Azərbaycana edir.

Azərbaycan BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) 1995-ci ildə üzv olub. Bu müddət ərzində ölkəmiz ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno Sazişi, Madrid Sazişi (Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, Patent Əməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOV Konvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişinə qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti