...

Azərbaycanda yay turizm mövsümündə turistlər ən çox hansı zonalara səfər edirlər?

Cəmiyyət Materials 19 May 2014 12:21 (UTC +04:00)
Azərbaycanda yay turizm mövsümü ərzində turistlərin ən çox səfər etdiyi zonaların adları açıqlanıb.
Azərbaycanda yay turizm mövsümündə turistlər ən çox hansı zonalara səfər edirlər?

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yay turizm mövsümü ərzində turistlərin ən çox səfər etdiyi zonaların adları açıqlanıb.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, Azərbaycanda 6-7 turizm regionu olsa da, turistlər daha çox 3 regiona üstünlük verirlər. Bunlar şimal-şərq (Quba, Qusar, Xazmaz, Nabran), şimal-qərb (Şamaxı, Qəbələ, Şəki, Zaqatala) və çənub zonasıdır (Lerik, Astara, Masallı).

Statistikaya görə, turistlər daha çox şimal-şərq rayonlarına səfər edirlər. Bu siyahıda ikinci yeri şimal-qərb, üçüncü yeri isə cənub rayonları tutur.

Hər zona üzrə turist xidmətlərinin qiymətlərinin fərqləndiyini bildirən AzTA rəsmisi qeyd edib ki, bu qurum Azərbaycanın bölgələrinə həm daxili, həm də xarici turistləri daha çox cəlb etmək üçün qiymətlərin aşağı salınmasını tövsiyə edir: "Bizim aldığımız məlumatlara görə, regionlarda turizm xidmətlərinin qiymətləri ötən illə müqayisədə yaxşı olmalıdır. Gün ərzində 3 dəfə yemək daxil olmaqla, 25-30 manata bəzi hotellərdə yerləşmək mümkün olacaq. Bəzi hotellər bu qiymətə gün ərzində 3 dəfə yemək vermək üçün müzakirələr aparırlar".

M.Ağakərimov bildirib ki, 25-30 manata, əsasən, şimal və şimal şərq zonasında dincəlmək mümkün olacaq.

AzTA rəsmisi rayonlardakı turizm obyektlərində yeməklərin qiymətlərinin səviyyəsindən razı qalmadığını da söyləyib: "Açıq deyək ki, yeməklərin qiymətləri bir qədər bahadır. 30-40 il əvvəl rayonda yeməklərin qiymətləri o qədər baha deyildi. İndi turistlərin axını ilə əlaqədar yeməklərin qiymətləri dəyişib. Biz də tövsiyə edirik ki, turistlərin daha çox gəlməsi üçün yeməklərin qiymətləri istədiyimiz səviyyədə olsun".

M.Ağakərimov hesab edir ki, yeməklərin qiymətlərinin azaldılması turistin gündəlik xərclərini də azaldar.

Assosiasiya sədrinin müşavirinin sözlərinə görə, yerlərdə turist obyektləri turistləri maraqlandıran əlavə xidmətlər - müxtəlif ekskursiyalar, əyləncəli proqramlar təşkil etməlidirlər: "Biz həmişə bildiririk ki, turistləri cəlb etmək ancaq yemək və yatmaqdan ibarət deyil. Yerlərdə turistləri maraqlandıran dequstasiyalar, çay dəstgahları təşkil oluna bilər. Məsələn, Qəbələdə şərab, Şəkidə şirniyyat dequstasiyası etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti