Azərbaycan, Bakı, 24 may /Trend/
Bu gün YAP Gəncə şəhər Təşkilatının qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin (İB) təşkilatçılığı ilə "Yeni mediada etik standartların təbliği" layihəsinin icrası çərçivəsində jurnalistlər üçün "dəyirmi masa" keçirilib.
Tədbirdə çıxış edən İB-nin sədri Ayaz Mirzəyev layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihənin əsas məqsədi yeni mediada etik standartların və milli mənəvi dəyərlərin təbliği istiqamətində peşəkar müzakirə və silsilə təlimlər təşkil etməkdir.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev layihə çərçivəsində Gəncə şəhərində jurnalistlər üçün bu cür təlim və müzakirələrin təşkilinin təqdirəlayiq hal kimi dəyərləndirib, cıxışında son illərdə ölkəmizdə media qurumlarının hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən, Yeni mediada etik normaların qorunmasının zəruriliyindən danışıb.
AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev layihənin aktuallığından və geniş auditoriyalarda keçirilməsinin zəruriliyindən söhbət açıb, internet mediasında mövcud etika problemləri, eləcə də, bundan çıxış yollarının müzakirəsindən danışıb.
"Dəyirmi masa"da cıxış edən natiqlər vurğulayıblar ki, yeni media qurumlarında etik standartların tətbiqi və təbliği məsələsinə hər kəs həssaslıqla yanaşmalı, jurnalistlər öz adını, nüfuzunu qorumaqla yanaşı, cəmiyyətdə bu sənətə olan marağı daha da artırmalı, cəmiyyətin bütün üzvləri ilə yanaşı, peşəkar, oturuşmuş media qurumları da həmin resursların fəaliyyətini tənzimləyən ictimai qınaq vasitələrindən istifadə etməlidirlər.
Sonda tədbir iştirakçılarına maraq doğuran suallar ətraflı şəkildə cavablandırılıb.
Yeni Gəncə