...

Azərbaycanlı turistlərin bu yay ən çox səfər edəcəyi ölkə Türkiyə olacaq

Cəmiyyət Materials 27 May 2014 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Ötən illərdə olduğu kimi, bu il də yay ayları ərzində azərbaycanlı turistlərin ən çox səfər edəcəyi ölkə Türkiyə olacaq. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu il iyun ayının ortalarından Bakıdan Yunanıstana və Monteneqroya birbaşa uçuşlar yerinə yetiriləcək. Bu istiqamətlər üzrə uçuşlar yay dövrü ərzində həyata keçiriləcək. Bu da azərbaycanlı turistlərin yay ayları ərzində həmin ölkələrə səfər etməyə maraq göstərməsinə səbəb olacaq.

N.Bağırovun sözlərinə görə, azərbaycanlı turistlərin Türkiyəyə üstünlük verməsinin səbəbi həmin ölkənin Azərbaycanla qonşu olması ilə yanaşı, həm də orada göstərilən turist xidmətlərinin keyfiyyətinin yüksək, dilin eyni olmasıdır.

AzTA sədri əlavə edib ki, turizm şirkətləri azərbaycanlı turistlərin səfər etdiyi ölkələrin çoğrafiyasını genişləndirməyə maraq göstərməli və bu sahədə iş aparmalıdırlar.

N.Bağırov bildirib ki, turizm şirkətlərini ölkələrin turizm imkanları ilə tanış etmək üçün AzTA tərəfindən tanınma turları təşkil olunur. Assosiasiya belə səfərlər təşkil etməklə azərbaycanlı turistlər üçün yeni istiqamətlər üzrə turların yaradılmasına nail olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti