...

Azadlıq radiosunun "sovet eynəyi", yaxud azadlıqla manipulyasiyaları

Cəmiyyət Materials 16 Sentyabr 2014 11:31 (UTC +04:00)
Azadlıq sözünün semantik və hüquqi mənası orfoqrafiya lüğətində insanların qanunla qadağan olunmayan fəaliyyətləri kimi izah edilir.
Azadlıq radiosunun "sovet eynəyi", yaxud azadlıqla manipulyasiyaları

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Azadlıq radiosunun proqramlaşdırma üzrə baş redaktoru cənab Nenad Pejicə

Azadlıq sözünün semantik və leksik mənaları haqqında

Cənab həmkarım,
Azadlıq sözünün semantik və hüquqi mənası orfoqrafiya lüğətində insanların qanunla qadağan olunmayan fəaliyyətləri kimi izah edilir. Bu, əlbəttə, azadlıq sözünün hüquqi izahıdır, yəni hər hansı bir insanın qanunla qadağan olunmayan fəaliyyəti onun azadlıqlarıdır. Biz bilirik ki, bu sözün semantik mənası hüquqi mənasından bir qədər fərqlidir. Çünki azadlıq dedikdə, insanlar daha geniş, daha böyük, daha hür bir şeyi təsəvvür edirlər. Bu, əlbəttə ki, hər bir insanın yaradılış etibarilə məhdud olan fəaliyyət və dərketmə keyfiyyətlərinə bir növ etirazıdır. Eyni zamanda, azadlıq hər bir insanın daxilində olan tabe olmamaq, hətta qanuna və hüquqa belə tabe olmamaq istəyinin, arzusunun reallaşdırıla biləcəyi məkan kimi təsəvvür etməsidir.

Hüquqi və semantik mənadan kənar bir də azadlığı demokratik dəyərlər içərisində qiymətləndirməyə çalışsaq, onda görərik ki, azadlıq çox konkret bir məfhumdur və demokratik toplumlarda azadlıqlar konkret sərhədləri olan, hüquqla uzlaşan, qanunla məhdudlaşdırılan bir fəaliyyətdir. Ona görə də, bəzi hallarda insanların dünyagörüşlərinə, daxili ruhi tələbatlarına görə azadlıq sözü ilə çox asanlıqla manipulyasiya edilə bilir.

Məsələ ondadır ki, azadlıq sözünün insanlarda yaratdığı fərqli assosiasiyalardan, hisslərdən müxtəlif şəkildə bəhrələnməyə və azadlığın özünü istismar etməyə çalışan qüvvələr var. Bu mənada azadlıq sözü ilə demokratiya sözü bəlkə də hazırkı dünyada, yaxud hazırkı siyasi proseslər içərisində manipulyasiyaya ən yatımlı, uyumlu olan sözlər kimi çıxış edir. Çünki azadlıq romanda, əsərdə, gündəlik ədəbiyyatda başqa məzmun ifadə edir, siyasi platformada, siyasi leksikonda isə tamamilə fərqli məzmun kəsb edir.

Ona görə də, insanların ruhi ehtiyacı olan demokratiya və azadlıq sözləri siyasətçilər və siyasətçilərin aləti olan media tərəfindən çox asanlıqla istismar edilir. İnsanlar daim ruhən sərhədsiz, məhdudiyyətsiz azadlığa möhtac olduqları üçün bu sözlə insanların ruhunu çox asanlıqla idarə etmək, müxtəlif istiqamətlərə yönləndirmək olur. Görünür, Azad Avropa radiosunu yaradanlar da, məhz bu radionun adını Azad Avropa qoymaqla azadlıq sözünün bu imkanlarından maksimum yararlanmağa cəhd göstəriblər.

İkiqütblü hegemoniya yoxdur. Azadlıq radiosu isə havanı qılınclayır

Əslində, Azadlıq radiosu ikiqütblü dünyada qütblərdən birinin sıradan çıxarılması, onun antitəbliğatı üçün yaradılıb. Ancaq 1991-ci ildə dünyada mövcud olan iki hegemon qütbdən birinin sıradan çıxmasına baxmayaraq, Azadlıq radiosu fəaliyyətini dayandırmadı. Belə düşünmək olardı ki, artıq 1991-ci ildən sonra SSRİ-nin dağılması ilə başa çatan, 75 il sürən siyasi marafondan sonra Azadlıq radiosunun fəaliyyətinə ehtiyac olmayacaq. Ancaq qəribədir ki, Varşava bloku dağıldıqdan sonra NATO öz fəaliyyətini dayandırmadığı kimi, SSRİ dağıldıqdan sonra Azadlıq radiosu öz fəaliyyətini dayandırmadı. Amma bəlkə bir qədər yerində olmasa belə hesab edirəm ki, bu müqayisəni aparmaqda fayda var. NATO Varşava bloku dağıldıqdan sonra öz fəaliyyətinə yeni keyfiyyət dəyişiklikləri gətirməyi bacardı. NATO elan etdi ki, o artıq hərbi siyasi güc kimi deyil, bundan sonra öz fəaliyyətini yumşaq güc kimi davam etdirəcəkdir. Çünki NATO onun qarşısında olan hərbi blok sıradan çıxdığına görə artıq o da öz fəaliyyətində korrektələr etməlidir, yeni dövrün tələblərinə yeni dünyanın və təmsil etdiyi ölkələrin yeni maraqlarına uyğun olaraq hərəkət etməlidir. Çox təəssüf ki, Azadlıq radiosunun fəaliyyətində bunu müşahidə etmədik. SSRİ dağılsa da, Azadlıq radiosu əsas etibarilə postsovet məkanında olan hadisələrə yenə də SSRİ-yə baxdığı eyni gözlükdən baxır və postsovet məkanında formalaşan milli dövlətlərə qarşı da sanki bir antitəbliğat mexanizmi, maşını kimi fəaliyyət göstərir. Ancaq Azadlıq radiosunun ya xəbəri yoxdur, ya da sadəcə görmək istəmir ki, bu gün ABŞ-ın vergiödəyiciləri hesabına fəaliyyət göstərən Azadlıq radiosu həmin vergiödəyicilərinin dövləti olan Birləşmiş Ştatların ən yaxın dostlarından biri olan Azərbaycanın əleyhinə təbliğat aparır, Azərbaycanın xarici siyasətini formalaşdıran dövlət aparatına qarşı antitəbliğat aparır. Hesab edirik ki, bu mənada Azadlıq radiosu öz fəaliyyətini yenidən təftiş etməli, özünü yenidən nəzərdən keçirməlidir. Necə ola bilər ki, təmsilçisi olduğunuz dövlətin Konqresinin orqanı olaraq dost ölkəni, bəzi hallarda müttəfiq kimi səciyyələndirilən ölkəni daim əsassız tənqid edirsiniz, heç bir şəkildə ona dəstək olmaq istəmirsiniz? Ən azından Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsini bir kənara qoyaq, Azərbaycan-ABŞ münasibətlərindən, bu münasibətlərin Amerikaya və ya Azərbaycana qazandırdığı dividendlərdən bir kəlmə də danışmırsınız, bir dəfə də olsun süjet vermirsiniz.

Radio bir gün ABŞ vətəndaşlarına hesabat verməli olacaq..!

Azərbaycan Cənubi Qafqazda yerləşən lokomotiv dövlət kimi bu gün ABŞ-ın regiondakı maraqlarını təmsil edən əsas ölkələrdən biridir. Bu gün Azərbaycan azad Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verən bir ölkədir, eyni zamanda, Əfqanıstan, Yaxın Şərq məsələlərində Amerikanın müttəfiqi kimi səciyyələndirilə bilən bir dost ölkədir. Amma çox təəssüf ki, Azadlıq radiosunu dinləyənlər bu siyasi gerçəkliyin heç bir şəkildə radioda əks olunduğunun şahidi olmurlar. Əksinə, belə bir təsəvvür yaranır ki, sanki Azərbaycan SSRİ-dir, Azadlıq radiosu da hələ 60-cı, 70-ci illərdə SSRİ-yə qarşı antitəbliğat ruporudur. Ona görə də, hesab edirik ki, Azadlıq radiosu öz mövqeyini yenidən götür-qoy etməlidir və bu məsələləri diqqətə almalıdır. Əks təqdirdə, bir gün Azərbaycanın dostu olan ABŞ-ın vergiödəyiciləri Azadlıqdan hesab soruşa bilərlər ki, bizim vergilərimiz hesabına fəaliyyət göstərən, hər il milyonlarla dollar pul xərclənən radio nəyə görə Birləşmiş Ştatların dostu olan bir ölkə haqqında bitib-tükənməyən antitəbliğat süjetləri hazırlayır.

Artıq azadlıq sözü şərqlilərin qəlbini "riqqətə" gətirmir

Yenidən azadlıq adına qayıdaq. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün postsovet məkanında və klassik Şərqdə, eləcə də Şərqi Avropada Azadlıq radiosunun təbliğ etdiyi azadlıqlar, yaxud demokratiya 20 il bundan əvvəlki qədər bu məkanda yaşayan insanların qəlbini "riqqətə" gətirmir və onlar demokratiya və azadlıq nəğmələrinə 20 il bundan əvvəlki kimi həvəslə qulaq asmırlar. Əgər bunun bir səbəbi ixrac olunan demokratiyanın idxal edildiyi ölkələrə gətirdiyi faciədirsə, ikinci səbəbi məhz Azadlıq radiosu kimi transmilli media orqanlarının qərəzli və qeyri-obyektiv mövqeyidir. Azadlıq radiosuna qulaq asan orta statistik azərbaycanlı dinləyici daim bu radiodan öz milli maraqlarına, dövlətçilik maraqlarına qarşı təhdidlər eşidir, azadlıq və demokratiya adları altında dünyada nələrin baş verdiyini, dini-mədəni identik olduğu ölkələrdə demokratiya və azadlığın nələr törətdiyini gözü ilə görür. Ona görə də əksər hallarda Azadlıq radiosu dinləyicilərin mütləq əksəriyyətinin gözündə həqiqi azadlığı və demokratiyanı təmsil, təbliğ edən bir media kimi deyil, düşmənçiliyi, xaosu, qarşıdurmanı təbliğ edən, eyni zamanda, milli hökumətlərə və müstəqil dövlətlərə düşmən kəsilən bir media kimi görünür. Hesab edirik ki, Azadlıq radiosunun qazandığı bu imic heç də o qədər yaxşı deyil.

Azadlıq radiosunun yeni xalq "dizayn" etmək cəhdi ironikdir

Eyni zamanda, Azadlıq radiosu sanki qarşısına belə bir məqsəd qoyub ki, Azərbaycan xalqının siyasi təfəkkürünü yenidən dizayn edəcəkdir, yeni, itaətkar və Azadlıq radiosunun direktivləri istiqamətində hərəkət edən bir xalq formalaşdıracaqdır. Azadlıq radiosunun bu cür fəaliyyəti intellektual əsaslarda formalaşmış Azərbaycan cəmiyyətində ironiya doğurur. Çünki Azərbaycan xalqı ciddi dövlətçilik ənənələrinə sahib və dövlətçilik tarixi 5 min il olan bir xalqdır. Hər bir Azərbaycan vətəndaşı, Azərbaycan cəmiyyətini təşkil edən hər bir fərd özlüyündə dövlətçiliyin daşıyıcısıdır. Ona görə də Azadlıq radiosunun Azərbaycan dövlətinə hücumunu hər bir fərd fərdi müstəvidə özünə yönəlmiş hücum kimi qəbul edir.
Cənab həmkarım Nenad Pejic, keçmiş tarixdə də bəzi qüvvələr yenidən bir Azərbaycan xalqı "dizayn" etməyə cəhd göstərdilər. Azərbaycan uzun illər cənub imperiyasının tərkibində olmasına baxmayaraq, öz milli keyfiyyətlərindən və öz dövlətçilik düşüncəsindən bir zərrə də güzəştə getmədi. Son 200 il ərzində isə Azərbaycan şimal imperiyasının daxilində oldu. Buna baxmayaraq, imperiya çökər-çökməz Azərbaycan xalqı yenə öz müstəqil dövlətini ortaya qoydu və bəlli oldu ki, 200 il ərzində başqa xalqın siyasi və etnik hegemoniyası altında yaşayan Azərbaycan xalqı öz milli dövlətçilik düşüncəsindən bir zərrə qədər də güzəştə getməyib, ona sadiq qalıb. Belə olan halda, məsləhət görərdik ki, Azadlıq radiosu Azərbaycan xalqından yeni xalq dizayn etmək cəhdlərinə son qoysun, bu baş tutmayacaq. Yaxşı olardı ki, Azadlıq radiosu Azərbaycan xalqına, onun dövlətinə, milli iradəsinə, hakimiyyətinə hörmətlə yanaşsın, Azərbaycan xalqının siyasi iradəsinin nəticəsi olaraq təşkil olunmuş bu hakimiyyəti bərabərhüquqlu bir tərəfdaş kimi, dost kimi qəbul etsin.

ABŞ ona görə güclü dövlətdir ki..., yaxud radionun "Leyla Yunus elegiyası"

ABŞ-ın böyük dövlət xadimi, diplomat, nəzəriyyəçi Henri Kissincer öz əsərlərinin birində yazır ki, ABŞ ona görə güclü dövlətdir ki, biz öz içərimizdə olan satqınları beşiyindəcə boğduq, başqa ölkələrdə olan satqınları isə hakimiyyətə gətirdik. Beləliklə, biz öz milli dövlətimizi möhkəmləndirdik, başqa dövlətləri isə öz əsirimizə çevirdik.
Cənab Nenad Pejic, Azərbaycan xalqı savadlı xalqdır, dünyada baş verən proseslərin məntiqini dərk edir. Azərbaycanda olan milli satqınların, xalqımıza xəyanət edənlərin, Azadlıq radiosu tərəfindən müdafiə edildiyini görəndə Henri Kissincerin o sözlərini xatırlayır. Ona görə də siz nə qədər cidd-cəhdlə rəsmi olaraq Azərbaycanın hərbi sirlərini satmaqda ittiham olunan "hüquq müdafiəçiləri"ni müdafiə etsəniz də, bir şeyə nail ola bilməyəcəksiniz. Çünki xalq bilir ki, onlar satqınlardır və dövlətin çox ciddi iki qurumu tərəfindən onlara ittiham irəli sürülüb. Siz nə qədər Azərbaycan xalqının humanist, emosional hisslərindən yararlanıb Leyla Yunusun "Washington Post" qəzetində dərc olunan, yaxud mətbuat orqanları vasitəsilə öz yoldaşına yazdığı məktubdan bir "elegiya" düzəldib ağlaşma qurmaq istəsəniz də, Azərbaycan xalqı buna inanmayacaq. Çünki Azərbaycan xalqı bilir ki, bu xalqın milli dövlət maraqlarına xəyanət edən hər bir şəxsin sonu elə olmalıdır. Çünki bu xalq əzab çəkib, torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğala məruz qalıb.

Azadlıq carçısı bir milyon insanın azadlığının əlindən alınmasını görmürmü..?!

Azərbaycan xalqı görür ki, siz Azadlıq radiosu olaraq Ermənistan haqqında bir dəfə də olsun nə insan hüquqları ilə bağlı, nə demokratiya, nə azadlıqlarla bağlı tənqidi süjet hazırlamırsınız. Halbu ki Ermənistan parlamentində avtomat çəkilib, parlament üzvləri bütün xalqın gözü qarşısında gülləbaran edilib. Halbuki Ermənistanda Azadlıq meydanında tanklar insanların üzərinə yeridilib. Halbuki müxalifət avtomatla susdurulub, bu ölkə bir milyon azərbaycanlının hüquqlarını pozub, 250 mindən çox etnik azərbaycanlını öz tarixi yurd-yuvasından didərgin salıb. Bu gün öz ölkəsi içərisində öz kəndinə gedib, öz ata-babasının qəbrini ziyarət edən insanları tutub "diversant" kimi həbs edib cəzalandırıb, öldürüb. Bəs bütün bunlar baş verərkən niyə siz bircə dəfə azadlığı, hüququ xatırlamırsınız? İnsanın ən təməl azadlıqlarından biri doğulduğu yerə getmək azadlığı deyilmi? Nə üçün bir Azərbaycan vətəndaşı hüquqi baxımdan ölkəsinin inzibati siyasi sərhədləri içərisində olan doğma kəndinə gedərkən erməni işğalçıları tərəfindən diversant kimi tutulur, öldürülür, işgəncələrə məruz qalır? Bəs bunların azadlığını kim qoruyacaq? Əgər siz, doğrudan da, azadlıqları qoruyursunuzsa və azad Avropa istəyirsinizsə, zəhmət olmasa, bunlar haqqında da bir süjet hazırlayın. Niyə hazırlamırsınız? Çünki sizin məqsədiniz başqadır.

Buyurun müstəqilliyinizi, obyektivliyinizi sübut edin

Bu gün Azərbaycanda hər kəs bilir ki, transmilli media qlobal dövlətin, yeni imperializmin, informasiya imperializminin bir aləti kimi çıxış edir. Siz deyirsiniz ki, Azad Avropa radiosu müstəqil mediadır. Nədənsə Azərbaycandan baxdıqda bu medianın müstəqilliyi görünmür. Siz sübut edin ki, doğrudan da, müstəqil mediasınız. Qeyd etdiyimiz məsələlər üzrə reportajlar hazırlamaqla isbat edin ki, doğrudan da siz müstəqil radiosunuz və dorudan da, azadlığı tərənnüm edirsiniz. Siz bir milyon qaçqın haqqında bir süjet hazırlayın, Azərbaycanda gedən quruculuq işlərindən, ölkəmizdə olan tolerantlıqdan, demokratiyadan bir reportaj hazırlayın və biz inanaq ki, siz doğrudan da, müstəqil mediasınız. Amma siz imperializmin bir alətisiniz, siz imperializmin maraqlarına xidmət edirsiniz, milli dövlətlərin suveren hüquqlarını məhdudlaşdırmağa cəhd göstərirsiniz. Siz milli dövlətlərdə xaos yaratmağa, demokratiya adı altında qarşıdurma yaratmağa xidmət göstərirsiniz ki, milli sərvətləri talayasınız. Siz vəhşi kapitalizmin təbliğatçısısınız, siz həqiqi demokratiyanın deyil, istismarçı demokratiyanın təbliğatçısısınız. Sizin bu "eksport" demokratiyanız bütün klassik Şərqi milli dövlətdən məhrum edib. Sizin təbliğ etdiyiniz azadlıq milli dövlətlərin süqutuna gətirib çıxaran azadlıqdır. Sizin təbliğ etdiyiniz demokratiya milli dövləti qlobal dövlətin, imperializmin vassalına çevirməyə cəhd göstərən demokratiyadır..!

Tanış olun bu fikirlər Azərbaycandakı demokratiya və azadlıqlarla bağlıdır

Siz eynən sizin kimi imperialist mərkəzlərə xidmət edən və milli dövlətləri sıradan çıxarmaq üçün çalışan, vətəndaşı öz milli dövlətinə qarşı qoymağa həvəsləndirən "Freedom House" və s. kimi, digər təşkilatların yaydığı materiallara istinad edərək Azərbaycanda azadlığın pozulduğunu və demokratiyanın olmadığını isbat etməyə çalışırsınız. Bizim isə başqa arqumentlərimiz var.
Məsələn Avropa Qonşuluğu İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, "Avropa Qonşuluğu Barometri" çərçivəsində Azərbaycanda keçirilən sorğunun nəticələri vətəndaşların böyük əksəriyyətinin ölkədəki demokratiyadan razı olduğunu təsdiqləyib. Belə ki, 2013-cü ilin dekabr və 2014-cü ilin yanvar aylarında rəyi soruşulan 974 respondentin 65 faizi Azərbaycandakı demokratiyadan razı qalıb. Bu göstərici orta hesabla digər "Şərq Tərəfdaşlığı" ölkələri üzrə olan göstəricidən 29 faiz yüksəkdir. Sorğuda iştirak edənlərin 62 faizi öz həyatlarından məmnundur. Həyatdan məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksəkdir. Xatırladaq ki, təşkilatın ötən il açıqladığı digər bir sorğunun nəticələrində respondentlərin 60 faizinin ölkədə gedən demokratik proseslərdən razı olduğu əksini tapmışdı.

* * *

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşdən sonra mətbuata bəyanatlarla çıxışında deyib ki, Azərbaycan gündən-günə müasirləşir, eyni zamanda, ölkəniz özünün ənənələri və tarixi irsi ilə fəxr edir: "...Mən sonuncu dəfə Azərbaycanda 2011-ci ildə olmuşam və üç ildən sonra burada böyük yeniliklərin şahidiyəm. Ölkəniz gündən-günə müasirləşir, eyni zamanda, ölkəniz özünün ənənələri və tarixi irsi ilə fəxr edir..."
Joze Manuel Barrozu qeyd edib ki, Avropa İttifaqı bundan sonra da bu istiqamətdə demokratiya və birgə dəyərlər, xüsusilə də fundamental azadlıqlar üzərində qurulmuş uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindədir.

* * *

Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Bakıda keçirilən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin 4-cü qeyri-rəsmi görüşü çərçivəsində çıxışı zamanı qeyd edib ki, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır: "Əminəm ki, ölkə gələcəkdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha böyük rol oynayacaq".
Ş.Füle vurğulayıb ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir və güman edirəm ki, ölkə sədrlik çərçivəsində bu təşkilata öz töhfəsini verəcək.

* * *

Bu yaxınlarda İtaliyanın "Messaggero Veneto" qəzetinin saytında Azərbaycanın dinamik inkişafı, davamlı olaraq artan beynəlxalq nüfuzu, səmərəli xarici siyasəti ilə bağlı məqalə və xüsusi reportaj yerləşdirilib. Mənbədə vurğulanıb ki, dünyəvi ölkə olan Azərbaycanda hər zaman bütün millətlərin, dinlərin nümayəndələrinə bərabər hüquqlar verilib, onlar sülh və dostluq şəraitində yaşayıblar. Azərbaycan artıq dinlərarası münasibətlərin tənzimləndiyi önəmli bir məkana çevrilib.

* * *

"Bakı mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə fikir mübadiləsi aparmaq üçün ən gözəl məkanlardan biridir". Bu sözləri mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün həmsədri, Slovakiyanın Avropa Şurasındakı daimi nümayəndəsi Drahoslav Stefanek deyib. O qeyd edib ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda digər dinlərə sitayiş edən insanlar da rahat və sülh şəraitində yaşayırlar.

* * *

Avropa Şurası Baş katibinin müavini Qabriela Battani-Draqoni Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqla bağlı müzakirələrin keçirildiyi məkana çevrildiyini söyləyib. Qabriela Battani-Draqoni vurğulayıb ki, uzun müddət ərzində Azərbaycanda fərqli dinlərin nümayəndələri - katoliklər, buddistlər, müsəlmanlar birgə yaşayıblar, bir-birlərinin adət-ənənələrinə hörmətlə yanaşıblar. Bu qədim tarixə malik ənənə cəmiyyətdə müxtəlifliyi qorumağa şərait yaradır.

* * *

Bir neçə il öncə Azərbaycana səfəri zamanı ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Azərbaycanda güclü vətəndaş cəmiyyətinin olduğunu bildirib, bundan məmnunluğunu ifadə etmişdi. H.Klinton Azərbaycanda elektron hökumətin fəaliyyətə başlaması ilə bağlı aparılan işlərdən məmnun olduğunu söyləmişdi. Dövlət katibi qeyd etmişdi ki, elektron hökumətin qurulması təkcə korrupsiyaya qarşı mübarizə üçün deyil, cəmiyyətin inkişafı üçün də vacibdir. Bütövlükdə, xanım Klinton Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından razılığını bildirərək vətəndaş cəmiyyəti təşkilatlarının müxtəlif sektorlarda fəaliyyət göstərməsini müsbət qiymətləndirmişdi.

"İstismarçı azadlıq" şakərindən xilas olmaq vaxtıdır

Fikrimi onunla yekunlaşdırmaq istəyirəm ki, Azadlıq radiosu, nəhayət, Azərbaycanda olan həqiqəti, gerçəkliyi görsün, bundan sonra Azadlıq radiosu ABŞ və Azərbaycan arasında olan rəsmi dövlət münasibətlərinin ruhuna uyğun olaraq öz fəaliyyətini qursun və Azərbaycana baxışında SSRİ-yə baxdığı eynəyi çıxarıb obyektiv nəzərlə baxsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti