Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 6-cı "Mobillik qrantı"nı yeni şərtlərlə elan edib.
Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin həcmi 100 min manat təşkil edəcək. Müsabiqəyə 2015-ci il 12 yanvar-30 aprel tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər.
EİF 6-cı "Mobillik qrantı" müsabiqəsindən etibarən müsabiqə şərtlərinə dair yeni tələblər irəli sürüb. Belə ki, müsabiqədə iştirak üçün iddiaçının çalışdığı qurumun rəhbərinin yazılı razılığı olmalıdır. Beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak üzrə dəvətlər birbaşa olaraq Elmin İnkişafı Fondunun adına göndərilməlidir. Bu müsabiqədən etibarən türkdilli və rusdilli ölkələr istisna edilməklə, digər ölkələrdə baş tutacaq tədbirlər üzrə ingilis dilini bilmə səviyyəsini təsdiq edən sənəd təqdim olunduqda həmin layihəyə üstünlük veriləcək. Sənəd təqdim olunmadıqda isə Fond şifahi müsahibə keçirə bilər.
Müsabiqədə iştirak etmək üçün ərizələr sentyabrın 22-dən oktyabrın 22-si saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin noyabrda açıqlanacağı planlaşdırılır.