...

Xorvatiyanın sabiq prezidenti: Media mənsubları ikili tələyə düşürlər (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2014 11:48 (UTC +04:00)
"Media mənsubları ikili tələyə düşürlər. Bir tərəfdən, onları informasiya əldə etmək maraqlandırır. Digər tərəfdən, onlar nəyin obyektiv və tərəfsiz verilməli olduğunu unudurlar".
Xorvatiyanın sabiq prezidenti: Media mənsubları ikili tələyə düşürlər (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Media mənsubları ikili tələyə düşürlər. Bir tərəfdən, onları informasiya əldə etmək maraqlandırır. Digər tərəfdən, onlar nəyin obyektiv və tərəfsiz verilməli olduğunu unudurlar". Trend-in məlumatına görə, bunu Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç IV Bakı Beynəlxlaq Humanitar Forumu çərçivəsində "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri" adlı "dəyirmi masa"da çıxışı zamanı deyib.

Sabiq prezident bildirib ki, informasiya verilir, biz onun informasiya olduğunu təsdiq etməyə bilmərik: "Lakin informasiya bir tərəfdən daxil olursa, digər tərəfdən bloklanır".

Daha sonra çıxış edən Malayziyanın BERNAMA agentliyinin baş direktoru Yonq So Heonq bildirib ki, müxtəlif ölkələrin fərqli mədəniyyətləri və sivilizasiyası vardır. Ona görə də müasir dövrdə sülhsevər və müştərək şəraitdə yaşamaq ilkin vacib amildir.

Onun sözlərinə görə, 21-ci əsrdə ekstremizmə yol yoxdur: "Bunun qarşısını almaq üçün fəlsəfi və dini ənənələri gücləndirmək lazımdır. Bu yolla ədalət və mükəmməlliyə nail ola bilərik".

İtaliyanın AGİ agentliyinin baş icraçı direktoru Gianni Di Ciovanni qeyd edib ki, xəbər agentliklərinin peşəkarlığı zəmanət verir ki, istənilən məlumat iki dəfə yoxlanılsın. Bu da onların dəqiqlik və etibarlılığını artırır.

Di Ciovanninin fikrincə, rəqəmsal və sosial medianın təşəkkül tapması mühüm məsələdir: "Biz böyük keçidin yalnız əvvəlindəyik. Bu dövr bizim səhvlərimiz üçün sınaq dövrüdür. Gələcək həmin gələcəyi özü üçün təsəvvür edənlərə məxsusdur".

Türkiyə Jurnalistlər Federasiyasının (TJF) prezidenti Atila Sertel çıxışına Azərbaycan torpaqlarının işğal olunması və azərbaycanlıların soyqırıma məruz qalması faktını xatırlatmaqla başlayıb. O, xüsusilə qadın və uşaqların amansızcasına qətlə yetirilməsinin qəbuledilməz olduğunu və ədalətin bərqərar olmasına ehtiyac duyulduğunu qeyd edib.

TJF prezidentinin sözlərinə görə, Azərbaycan Qarabağ və Xocalı kimi faciələrin acısını yaşayır: "Xocalıda yüzlərlə ailə qətlə yetirilib. Çox uşaq atasız, anasız qalıb. İndi həmin uşaqların 23 yaşı var. Onlar anasız böyüməli deyillər. Heç bir dövlət, heç bir ürək məhəbbətsiz olmamalıdır. Onlar ağrı hiss etməməlidirlər. Azərbaycana və bütün dünyaya sülh arzulayıram".

O qeyd edib ki, sülhə nail olmaq, müharibə şəraitində yaşamaqdan daha çətindir: "Keçmişi keçmişdə saxlamaq, uşaqlara qayğı göstərmək, onların gələcəyi haqqında düşünmək lazımdır. Bu xəbər agentlikləri üçün vacibdir. Biz kimisə milli, dini və digər əlamətlərinə görə diskriminasiyaya məruz qoymamalıyıq".

A.Sertelin fikrincə, dünyanın çox yerində jurnalistikanın ən böyük problemi onun müstəqilliyi, söz və mətbuat azadlığının olmadığı ölkədə fəaliyyət göstərməkdir.

Dünyanın bir sıra ölkələrində jurnalistlərin fəaliyyəti zamanı öldürüldüyünü xatırladan A.Sertel xüsusən Yaxın Şərqdə bunun qarşısının alınmasına çağırıb: " 2013-cü ildə 132 jurnalist həlak olub. Jurnalistlər öldürülməməlidir. Biz jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün imkanlardan istifadə edilməlidir. Jurnalistlərin sərbəst işləməsi üçün şərait yaradılmalıdır".

"Dəyirmi masa"da çıxış edən millət vəkili Elmira Axundova deyib ki, jurnalistikada olan problemlərin həlli üçün beynəlxalq təşkilatlar bu sahədə işlər görməli və ortaq məxrəcə gəlməlidirlər: "Çünki dünyanın hər yerində mətbuat sahəsində problemlər var. Azərbaycanda isə mətbuat azaddır, senzura qoyulmayıb".

"Dəyirmi masa"nın sonunda birgə bəyannamə qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, "dəyirmi masa" çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Vyetnam Xəbər Agentliyi (VNA), Qazaxıstanın "Kazinform" Beynəlxalq İnformasiya Agentliyi, Malayziya Milli Xəbər Agentliyi (BERNAMA) arasında əməkdaşlıq haqqında sazişlər, Birləşmiş Ərəb Əmirlikləri İnformasiya Agentliyi (WAM) və "WAFA" Fələstin Xəbərlər Agentliyi arasında isə əməkdaşlıq və informasiya mübadiləsi sahəsində anlaşma memorandumları imzalanıb.

Sənədləri AzərTAc-ın baş direktoru Aslan Aslanov, VNA-nın baş direktoru Nquyen Duk Loi, "Kazinform"un baş direktoru Dauren Diyarov, BERNAMA-nın baş direktoru Yonq So Heonq, WAM-ın baş direktoru Camal Nasser əl-Suvayder və WAFA-nın Direktorlar Şurasının rəhbəri Riyad Xalid Elhassan imzaladılar.

Sənədlərə əsasən, AzərTAc ilə bu agentliklər arasında informasiyaların mübadiləsi həyata keçiriləcək, qazanılmış təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti