...

Bakı Metropoliteninin işçiləri yığışıb özlərindən danışdılar (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2014 17:35 (UTC +04:00)
“Bakı Metropoliteni” QSC-nin əməkdaşları bu gün peşə bayramlarını qeyd ediblər.
Bakı Metropoliteninin işçiləri yığışıb özlərindən danışdılar (FOTO)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

"Bakı Metropoliteni" QSC-nin əməkdaşları bu gün peşə bayramlarını qeyd ediblər.

Trend-in məlumatına görə, mərasim iştirakçıları Fəxri xiyabana gələrək ümummili lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üstünə əklil və gül dəstələri qoyublar. Tədbir iştirakçıları akademik, görkəmli avtolmoloq-alim Zərifə Əliyevanın da məzarını ziyarət ediblər. Sonra Metropoliten işçiləri Şəhidlər xiyabanına gələrək Vətən uğrunda həlak olan mərd mübarizlərin xatirəsini yad ediblər, Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların şərəfinə ucaldılmış "Əbədi məşəl" kompleksinin önünə əklil qoyublar. Daha sonra tədbir "Bakı Metropoliteni" QSC-nin Texnoloji Korpusunda davam etdirilib. Bakı metrosunun dünəni, bu günü və sabahı ilə bağlı hazırlanmış film nümayiş etdirilib.

Mərasimdə "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov çıxış edərək metronun yaranma tarixindən danışıb. O, "Bakı Metropoliteni" QSC-nin bütün əmək kollektivi adından metropoliten işçilərinin fədakar əməyinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.

2014-cü il fevralın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradıldığını diqqətə çatdıran Z.Hüseynov deyib ki, iki böyük müəssisənin vahid təşkilatda birləşdirilməsi yeraltı nəqliyyatımızın qarşısında böyük üfüqlər açıb.

O, qeyd edib ki, metronun əsas inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir: "Ulu Öndərin diqqət və qayğısı sayəsində 70-80-ci illərdə metro tikintisində böyük canlanma olub. Bu illərdə "Ulduz", "Məşədi Əzizbəyov" (indiki "Koroğlu"), "Qara Qarayev", "Neftçilər", "Nizami", "Bakmil" stansiyaları istifadəyə verilib. Hələ SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə də Heydər Əliyev Bakı Metropoliteninin tikintisini daim diqqətdə saxlayıb. Hazırda Bakı Metropoliteninin mövcud 23 stansiyasından 14-ü məhz ulu öndər Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı nəticəsində inşa olunub. Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında paytaxtımızda metro tikintisi bu gün də ugurla davam etdirilir. 2011-ci ildə ölkə başçısının Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladıgı sərəncama əsasən "Bakı Metropoliteni xətlərinin Konseptual İnkişaf Sxemi"nə uyğun olaraq, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 119 km metro xəttindən ibarət olacaq. Yəni 53 yeni stansiya inşa ediləcək və 84,3 km metro xətti çəkiləcək".

Cəmiyyətin sədri QSC yarandıqdan sonra icrasına başlanılan layihələrdən, tətbiq olunan və nəzərdə tutulan texnoloji yeniliklərdən, sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün görüləcək işlərdən danışıb. Qeyd edib ki, Fransanın 3 şirkəti ilə imzalanan müqaviləyə əsasən müasir idarəetmə və işarəvermə sistemləri, yeni tunellərin tikintisi, həmçinin alınacaq yeni vaqonlarla yeraltı nəqliyyat Avropa standartlarına daha da yaxınlaşacaq.

Digər çıxış edənlər "Bakı Metropoliteni" QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov, Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Arif Mərdanov yeni yaradılan cəmiyyətin üzərinə düşən vəzifələrdən danışdılar. Qonaqlar "Thales" şirkətinin layihə meneceri Gallet Francois və "Bouyges" kompaniyasının Beynəlxalq İnkişaf Departamentinin icraçı direktoru Jean Denys Arnal yaradılan əməkdaşlıqdan razılıqlarını bildirdilər.

Tədbirdə peşə bayramı münasibətilə müəssisənin əməkdə fərqlənmiş bir qrup əməkdaşına Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti