Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Bakıda barmen və restoran biznesinin nümayəndələri üçün beynəlxalq master-klass keçirilib. "William Grant & Sons Ltd" şirkətindən Trend-ə verilən məlumata görə, "Glenfiddich"in MDB ölkələrində brend səfiri olan Denis Pankratov tədbir iştirakçılarına əsası Uilyam Qrant tərəfindən qoyulan və 1886-cı ildən etibarən Fidik çayının vadisində istehsal edilən "Glenfiddich" şotland viskisinin zəngin tarixindən məlumat verib.
Denis, həmçinin sözügedən viskinin yaşlanma prosesindən, onun növ müxtəlifliyi, dad qammasından danışıb, eyni zamanda, barmen və restoran biznesinin nümayəndələrinə bacarıqların yaxşılaşdırılmasına dair bir neçə məsləhət verib: "Azərbaycan həmişə böyük məmnuniyyətlə ziyarət etdiyim ölkələrdən biridir. Buranın çox səmimi və qonaqpərvər insanları var, Bakıdan olan barmenlər isə dünyanın bir çox ölkəsində çalışır ki, bu da onların yüksək peşəkarlıq səviyyəsindən xəbər verir".
Master-klassdan sonra VİP-müştərilər üçün şam yeməyi təşkil olunub. Tədbir iştirakçıları səmimi və rahat mühitdə "Glenfiddich" brendinin nümayəndələri ilə söhbət edib, həmçinin 12, 15, 18 və 21 illik "Glenfiddich" viskilərinin müxtəlif zərif yeməklərlə uyğunluğunu qiymətləndirə biliblər.
Qeyd edək ki, barmen və miksoloq karyerasına D.Pankratov hələ tələbəlik illərində başlayıb.
Təbiətcə gözəl zövqə malik Denis bu sahədə qısa bir zaman ərzində uğura nail olur. Onun işləri dəfələrlə Rusiya və beynəlxalq müsabiqələrdə qalib gəlib və mükafatçılar sırasında yer alıb. Məhz gözəl zövq, balans və harmoniya duyğusu ona, demək olar, bütün dünyada uzun illər uğurlu master-klass və təqdimatlar keçirməyə imkan yaradıb. Denis gözəl natiqdir, onun ensiklopedik bilikləri və həvəsi istənilən auditoriyaya yol tapmağa imkan verir. O, "Glenfiddich" viskisinin orijinal təqdim edilməsi" unikal təqdimatının müəllifidir və bu təqdimat çərçivəsində real vaxt rejimində bar arxasında müəllif kokteylləri hazırlanır və dequstasiya keçirilir.
"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distribüteri "Qafqaz Industry" şirkətidir.
Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.