Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəvəti ilə Azərbaycana gələn çexiyalı alim, I Slavyan Gimnaziyasının direktoru Tatyana Perqler Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüb. Fonddan Trend-ə verilən məlumata görə, O.Səmədov xanım T.Perqlerə Bilik Fondunun həyata keçirdiyi layihələr, maarifçilik sahəsində fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. İcraçı direktor elmi müstəvidə inteqrasiya və elmi nailiyyətlərin mübadiləsi prosesində Fondun "Azərbaycan elmi dünyada" və "Dünya elmi Azərbaycanda" layihələrinə əsasən gördüyü işlərdən söz açıb.
Səmimi qəbul üçün Bilik Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən T.Perqler Praqada keçirilən "Azərbaycanın geologiya elmi Çexiyada" adlı sərgidə iştirak etdiyini xatırladıb. Çexiyalı qonaq Fondun "Qardaşlaşmış məktəblər" layihəsinə xüsusi maraq göstərdiyini, rəhbərlik etdiyi Gimnaziyanın da bu layihəyə qoşularaq Bakı məktəblərindən biri ilə qardaşlaşmaq arzusunu dilə gətirib.
Səfər çərçivəsində T.Perqler Bakı Slavyan Universitetində, Universitet nəzdində fəaliyyət göstərən Məktəb Lisey Kompleksində, İ.Əfəndiyev adına Elitar Gimnaziyada, Dövlət İdarəçilik Akademiyasında, müəllim, tələbə və şagirdlərlə görüşüb.
Dövlət İdarəçilik Akademiyasında rektor, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Urxan Ələkbərovla görüşən çexiyalı alim politologiya ixtisası üzrə təhsil alan tələbələrə "Avropa məkanında inteqrasiya prosesləri və problemlər" mövzusunda mühazirə oxuyub.
Mühazirədə Avropa İttifaqında müxtəlif sahələrdə, xüsusən təhsil və sosial inkişaf istiqamətində inteqrasiya məsələlərinə dair tezis və mülahizələrini bölüşən T.Perqler tələbələri maraqlandıran sualları da cavablandırıb.