...

Azərbaycanın baş anestezioloqu şikayətləndi: "Anestezioloqlara təzyiq edirlər"

Cəmiyyət Materials 14 Aprel 2015 16:21 (UTC +04:00)
“Azərbaycanda anestezioloqlar təzyiqlər altında işləyirlər. Narkozun seçimi ilə bağlı anestezioloqa imkan vermirlər. Ona diqtə edirlər ki, bu və ya o narkozu ver. Deyirlər ki, yoxsa sənin pulunu kəsəcəyəm. Anestezioloq da onların dediyini etməyə məcburdur”.
Azərbaycanın baş anestezioloqu şikayətləndi: "Anestezioloqlara təzyiq edirlər"

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycanda anestezioloqlar təzyiqlər altında işləyirlər. Narkozun seçimi ilə bağlı anestezioloqa imkan vermirlər. Ona diqtə edirlər ki, bu və ya o narkozu ver. Deyirlər ki, yoxsa sənin pulunu kəsəcəyəm. Anestezioloq da onların dediyini etməyə məcburdur".

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu, Sertifikasıya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib.

Anestezioloqa göstərişin verilməsini düzgün saymayan A.Qədirovun sözlərinə görə, xəstəyə narkoz verilərkən narkoza göstərişin, yaxud buna əks göstərişin, optimallığın, adekvatlığın və rasionallığın olması mütləq nəzərə alınmalıdır.

Ölkənin baş anestezioloq-reanimatoloqu kimi bütün anestezioloqlara öz tövsiyəsini verən A.Qədirov bildirib ki, anestezioloq-reanimatoloqlar, ilk növbədə, öz sahələri üzrə standartları, normativləri bilməlidirlər: "İkincisi, standartlara, normativlərə və qanunlara mütləq əməl edin. Kimə görə isə güzəştə getmək təklifi sizi batıracaq. Sizi xilas edən olmayacaq. Heç kəsə güzəştə getmək lazım deyil. Mən belə işləmişəm və uduzmuram. Uduzanlar da bax bu dediklərimə görə uduzur".

Baş mütəxəssis deyib ki, anestezioloq-reanimatoloq istər sağlam, istərsə də sağlam olmayan insanı əməliyyatdan qabaq tam müayinədən keçirməli, xəstəni əməliyyata hazırlamalıdır: "Bəzən anestezioloq deyir ki, narkoz verilməmişdən əvvəl bu xəstəni müalicə etmək lazımdır. Amma etmirlər. Kim etmir? Cərrah istəmir, ginekoloq istəmir. Bunu da xəstənin yaxınlarına deyirlər ki, anestezioloq narkoz vermək istəmir. Amma anestezioloq düz edir. Xəstənin yaxınları fikirləşirlər ki, yəqin anestezioloq nəyəsə görə narkoz vermək istəmir. Əməliyyat həkimləri də "Yox, xəstə mənimdir" deyib başqa anestezioloqa müraciət edirlər".

Bir müəssisədən başqa müəssisəyə əməliyyata görə anestezioloq-reanimatoloqun çağırılmasını düzgün saymayan A.Qədirov bildirib ki, belə hallar anesteziologiya sahəsində nizam-intizamın ciddi şəkildə pozulmasına səbəb olur.

Baş anestezioloq-reanimatoloqun sözlərinə görə, belə halların qarşısını almağa çalışsa da, bu, mümkün olmur: "Çünki hər kəs partizan kimi işləyir, bir müəssisədən başqa müəssisəyə anestezioloq dəvət edirlər. Onda da hüquqi məsələlər ortaya çıxır. Əgər anestezioloqun işi bir müəssisədə əmrləşdirilibsə, onun başqa yerdə anestezioloq kimi işləməyə ixtiyarı yoxdur. Bu, yalnız baş mütəxəssisin razılığı olduqdan sonra mümkün ola bilər".

A.Qədirov deyib ki, bəzən xəstələrin ölümünə də belə halların olması, xəstələrin əməliyyatdan əvvəl müayinə olunmaması səbəb olur: "Xəstə müayinə olunmur. Bir hadisə olduqda da anestezioloq ona cavab verməli olur. Xəstə öləndə deyirlər ki, onu anestezioloq öldürdü, sağalanda isə deyirlər ki, cərraha afərin olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti