...

"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradılıb (ƏLAVƏ OLUNUB)(FOTO)

Cəmiyyət Materials 22 Aprel 2015 10:51 (UTC +04:00)
Azərbaycanda “Bakı-2015” Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradılıb.
"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradılıb (ƏLAVƏ OLUNUB)(FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyətləri Koalisiyası yaradılıb.

Trend-in məlumatına görə, koalisiyanın yaradılması bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və "Bakı xəbər" qəzetinin təşkilatçılığı ilə "Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək" mövzusunda keçirilən tədbirdə elan edilib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəti Rufiz Qonaqov bildirib ki, Azərbaycan üçün əlamətdar olan bu oyunların keçirilməsinə hazırlıq tədbirləri yüksək səviyyədə həyata keçirilir: "Birinci Avropa Oyunları Təşkilat Komitəsinin gərgin əməyi sayəsində nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilir. Təəssüf ki, ölkəmizin qazandığı uğurları gözü götürməyən, onun nüfuzunun artmasından narahat olan bəzi daxili və xarici qüvvələr Azərbaycana qarşı məqsədyönlü və qərəzli kampaniya təşkil etməklə Avropa Oyunlarının əhəmiyyətini azaltmağa çalışırlar. Bunları, eyni zamanda Avropa Oyunlarının ölkəmiz və Avropa ailəsi üçün sosial və mədəni əhəmiyyətini nəzərə alaraq, aparıcı qeyri-hökumət təşkilatları və media orqanları Bakıda Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədilə "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasında birləşirik".

R.Qonaqov deyib ki, koalisiyanın əsas məqsədi Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə ictimai dəstəyi təmin etməkdir: "Bu məqsədlə tarixdə ilk dəfə keçirilən belə bir idman tədbirinin miqyası, əhəmiyyəti və perspektivləri barədə ölkə daxilində obyektiv məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur. Koalisiya Avropa ölkələrində Azərbaycan idmanının inkişafı, müasir infrastrukturun yaradılması, habelə xalqımızın zəngin mədəni irsi, adət-ənənələri, tolerant və humanist xüsusiyyətləri, sosial-iqtisadi inkişafi və demokratik dövlət quruculuğu sahəsindəki uğurları barədə dolğun təsəvvürün yaranması üçün tədbirlər görəcək".

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan rəhbərinin siyasi iradəsinin nəticəsidir. Onun sözlərinə görə, bu oyunun Bakıda keçirilməsi barədə qərar verilərkən xalqımızın tolerantlığı, qonaqpərvərliyi də nəzərə alınıb. Lakin bəzi qüvvələrin Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı çıxmasına təəssüflənən A.Quliyev ona qarşı mübarizədə mətbuatın da rolunu yüksək dəyərləndirib. Baş redaktor deyib ki, mətbuat əvvəllər olduğu kimi bundan sonra da Azərbaycana qarşı "qarayaxma kampaniyası"na tutarlı cavab verəcək və birgə mübarizəsini davam etdirəcək.

A.Quliyev bildirib ki, koalisiya Avropa Oyunlarının yaratdığı fürsətdən istifadə edərək Azərbaycanın milli problemləri, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində də addımlar atacaq.

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti bu "qara piar" kampaniyasına qarşı cıxmalı və Oyunlara dəstək göstərməlidir. Bu baxımdan koalisiyanın yaradılmasını müsbət hal sayan R.Becanovun sözlərinə görə, ölkədə "Avropa Oyunları həftəliyi" keçirilməli, mətbuat bu mövzunu geniş işıqlandırmalıdır.

Birlik sədri əlavə edib ki, Oyunların keçirilməsi üçün tələb olunan məbləğ həddindən artıq şişirdilir, yazılan məlumatlara görə, bu oyunların keçirilməsinə guya milyard manatlarla vəsait xərclənib.

Oyunlarla bağlı Azərbaycana qarşı "qarayaxma kampaniyası" aparan beynəlxalq təşkilatların ölkəmizə qarşı həmişə ikili standartlar yürütdüynü söyləyən R.Becanovun sözlərinə görə, koalisiya öz fəaliyyətini dövlət qurumları, Avropa Oyunlarının Təşkilat Komitəsi, ictimaiyyət nümayəndələri, media, gənclər və digər sosial institutlarla əlaqəli şəkildə həyata keçirəcək. Koalisiya qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edəcək.

Milli Məclisin deputatı Çingiz Qənizadə də ictimaiyyəti I Avropa Oyunları ilə bağlı aparılan "qara piar"a qarşı mübarizədə fəal olmağa çağırıb: "Nəzərə alaq ki, I Avropa Oyunları Azərbaycan hakimiyyətindən daha çox Azərbaycan dövlətinə lazımdır. Bütün dünyada siyasi hakimiyyət uğrunda mübarizə aparanlar hakimiyyətdə olanların uğurlu işlərini görmək istəmirlər. Qərbdən və Şərqdən maliyyələşən bəzi azərbaycanlılar da Oyunlara kölgə salmağa çalışırlar. Koalisiya isə həmin qüvvələrə bir zərbədir".

"APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, koalisiyaya daxil olan media qurumları diqqətlərini daha çox təbliğata yönəltməlidirlər: "İnsan haqları məsələsi önəmli məsələdir. O halda ki, orada qərəz olmasın. Bu çür qara kampaniyalara qarşı QHT və KİV-lərin strategiyası olmalıdır. Bu koalisiyanı dəstəkləyirəm".

Qeyd edək ki, tədbirin sonunda koalisiya bəyanat yayıb. Bəyanatda Azərbaycana qarşı "qara piar" pislənilib, ölkədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları və media qurumları koalisiya ilə əməkdaşlığa dəvət edilib, bu möhtəsəm tədbirin layiqincə keçirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməməyə cağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti