...

Qələbənin 70 illiyi hərbi məktəblərdə qeyd olunub (FOTO)

Cəmiyyət Materials 6 May 2015 17:13 (UTC +04:00)
Qələbənin 70 illiyi münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Ali Hərbi Dənizçilik Məktəbində tədbir keçirilib.
Qələbənin 70 illiyi hərbi məktəblərdə qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Qələbənin 70 illiyi münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Ali Hərbi Dənizçilik Məktəbində tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, C.Naxçıvanski adına Hərbi Liseydə Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə liseyin şəxsi heyəti, Veteran təşkilatları, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin, şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin ifası ilə başlanan mərasim liseyin kursantlarının rəsm əsərlərinin nümayişi ilə davam etdirilib.

Təntənəli tədbirdə çıxış edən natiqlər Qələbənin qazanılmasında Azərbaycan xalqının rolunu xüsusi qeyd ediblər. Veteranlar kursantlarla xatirələrini bölüşüb, gənclərə bu gün onların öhdəsinə düşən vəzifələri, yaxşı oxumalarını, intizamlı olmalarını, hərb işini dərindən öyrənmələrini tövsiyə ediblər.

Daha sonra Nizami rayonu uşaq gənclər yaradıcılıq mərkəzi və liseyin özfəaliyyət kollektivinin iştirakı ilə geniş konsert proqramı tədbir iştirakçılaına təqdim olunub.

Sonda Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov veteranları qiymətli hədiyyələrlə təltif edib.

Azərbaycan Hərb Tarixi Muzeyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi ilə birgə faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş "Azərbaycan Böyük Vətən Müharibəsində" adlı tədbir keçirib. Müharibə veteranları, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən mərasim Dövlət himninin oxunması ilə başlayıb. İştirakçılar Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən oğul və qızlarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Qonaqları salamlayaraq tədbiri giriş sözü ilə açan məktəb rəisi I dərəcəli kapitan Əlimərdan Quliyev müharibə illərində Azərbaycanlıların göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs edərək iştirakçıları Qələbə günü münasibətilə təbrik edib.

Sonra Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirin əhəmiyyətini xüsusi qeyd edərək keçmişdə və hazırkı dövrdə Azərbaycan övladlarının igidliyi və qəhrəmanlığı, alman faşizmi ilə yanaşı erməni faşizminin də mahiyyəti, onun xalqımıza qarşı törətdiyi cinayətlər barədə ətraflı çıxış edib.

Tədbir mövzuya aid məruzələr və "İkinci Dünya Müharibəsi və Azərbaycan" adlı qısametrajlı sənədli filmin nümayişi ilə başa çatıb.

Hərbi Dəniz Qüvvələrində ümummilli lider Heydər Əliyevin ildönümü qeyd edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti